COP29
Azərbaycan diplomatı Bəhreyn qəzetində COP29 haqqında məqalə ilə çıxış edib
Bakı, 6 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Şahin Abdullayevin COP29-la bağlı ingilis dilində qələmə aldığı məqalə Bəhreyn Krallığının “The daily Tribune. News of Bahrain” qəzetində dərc olunub.
AZƏRTAC xəbər verir ki, səfir BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına tərəf qismində qoşulan Azərbaycanın qlobal iqlim dəyişikliklərinə qarşı mübarizədə fəal iştirak etdiyini qeyd edib. O, bəhreynli oxuculara noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri barədə ətraflı məlumat verib.
Diplomat yazıb: “Azərbaycanın bu çox mötəbər tədbirə sədrliyi rotasiya əsasında, məhz Şərqi Avropa Qrupu ölkələrinin yekdil rəyinə görə müəyyən edilib. Bu qərar ölkəmizə göstərilən böyük etimad və hörmətin bariz nümunəsidir”.
Səfir 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini, ölkəmizin 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyasının 35 faiz, 2050-ci ilə qədər 40 faiz azaldılmasını hədəf aldığını, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan olunduğunu diqqətə çatdırıb. O, həmçinin qlobal səviyyədə göstərilən bu yüksək etimadın Azərbaycanın son illər ərzində dünya miqyasında apardığı uğurlu siyasətin nəticəsi olduğunu qeyd edib.
Səfir ölkəmizin bundan əvvəl Qoşulmama Hərəkatına dörd il ərzində uğurla sədrlik etdiyini və dünyanın 120 ölkəsinin Azərbaycana öz dəstəyini verdiyini xatırladıb. O, COP29 beynəlxalq konfransın Azərbaycanda yüksək səviyyədə keçiriləcəyinə və bunun ölkəmizin növbəti böyük uğuru olacağına əminliyini ifadə edib. Səfir onu da qeyd edib ki, Azərbaycan neft-qaz ölkəsi kimi iqlim böhranı ilə mübarizə sahəsində də öz səylərini nümayiş etdirəcək, yaşıl enerji mənbələrinin inkişafına və bərpaolunan enerji ehtiyatlarının dünya bazarlarına nəqlinə öz töhfəsini verəcək.