Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ümumdünya Mülki Müdafiə Günü keçirilib
Bakı, 1 mart, AZƏRTAC
Martın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Mülki müdafiə və milli qurumların fövqəladə halların səmərəli idarə olunmasında rolu” mövzusunda tədbir keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildirilib ki, Ümumdünya Mülki Müdafiə Gününə həsr olunan tədbirin keçirilməsinin əsas məqsədi baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə qaydalarının öyrənilməsidir.
Tədbirdə ADNSU-nun mülki müdafiə qərargahının rəisi Elşən Məmmədov Ümumdünya Mülki Müdafiə Gününün tarixindən və əhəmiyyətindən danışıb. Diqqətə çatdırılıb ki, həmin gün dünyanın 50-dən çox ölkəsində qeyd edilir.
Tədbir iştirakçılarını Mülki Müdafiə Günü münasibətilə təbrik edən ADNSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev mülki müdafiə ilə bağlı tədbirlərin əhəmiyyətini vurğulayıb, müvafiq mövzuda müəllimlərin və tələbələrin maarifləndirilməsinin zəruri olduğunu bildirib.
Ölkəmizdə son illər mülki müdafiə sahəsinə xüsusi diqqət yetirildiyini deyən ADNSU-nun sənaye təhlükəsizliyi və əmək mühafizəsi kafedrasının müdiri, professor Sakit Rəsulov Azərbaycanın da 1993-cü ildən Beynəlxalq Mülki Müdafiə Təşkilatının üzvü olduğunu xatırladıb.
Sonda Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti haqında film nümayiş olunub.