Azərbaycan Dubayda keçirilən VI Ümumdünya Hökumət Sammitində təmsil olunub
Abu-Dabi, 11 fevral, AZƏRTAC
Dubayda VI illik Ümumdünya Hökumət Sammiti (“World Government Summit”, WGS 2018) açılıb. Tədbir BƏƏ-nin vitse-prezidenti, baş nazir və Dubay əmirliyinin hökmdarı Şeyx Al-Maktum Məhəmməd Ben Rəşidin himayəsi altında keçirilir.
AZƏRTAC xəbər verir ki, “Gələcək hökumətlərin proqnozlaşdırılması” şüarı altında keçirilən sammitin işində dörd mindən çox qonaq iştirak edir. Onların arasında dünyanın 140 ölkəsindən olan hökumət başçıları və nazirlər, görkəmli ictimai-siyasi xadimlər, alimlər və ekspertlər, həmçinin bir sıra aparıcı beynəlxalq təşkilatların nümayəndələri var.
Dünya forumunda ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarov və səfirin müavini Leyla Süleymanova təmsil edirlər.
Təşkilatçıların fikrincə, bütün xalqların xeyrinə dünya miqyaslı hərəkata çevrilmiş bu unikal qlobal sammit regionda ən parlaq və mühüm hadisə, gələcəyin proqnozlaşdırılması üçün dünyada ilk məkandır.
120 interaktiv sessiyanın gedişində 130 məruzəçinin müxtəlif mövzularda çıxışları gözlənilir. Ümumdünya sammitinin iştirakçıları üç gün ərzində hökumətlərin və dövlət idarələrinin fəaliyyətinin yaxşılaşdırılmasına dair fikir mübadiləsi aparacaq, gələcəyin hökuməti barədə öz təsəvvürlərini bölüşəcəklər. Sammitdə iqtisadiyyat, maliyyə, təhsil, səhiyyə, gənclər, texnologiyaların və innovasiyaların inkişafı, elmin gələcəyi, kosmik proqramlar, davamlı inkişaf, dövlət xidmətlərinin təkmilləşdirilməsi, həmçinin insanların həyatı ilə bilavasitə bağlı və dünyanın bütün ölkələrində cəmiyyətin müxtəlif seqmentləri üçün maraq doğuran bir sıra başqa mövzular müzakirə ediləcək.
Sammit çərçivəsində gələcəyin həyati əhəmiyyətli sektorlarına aid problemlərinin həllinə həsr edilmiş altı qlobal forum keçiriləcək: ərəb gənclər forumu, qlobal xoşbəxtlik dialoqu, kosmosda məskunlaşma təşəbbüsləri, iqlim dəyişikliyi, süni intellektin idarə edilməsi və davamlı inkişaf forumu. Sammitdə, həmçinin həyati əhəmiyyətli sektorlara və əsas mövzulara aid 20-dən çox qlobal məruzə təqdim ediləcək. Bununla birlikdə, icmaların və xalqların rifahı naminə dövlət siyasətinin əlaqələndirilməsi üzrə beynəlxalq razılığa nail olmaq üçün hökumətlərin zəruri vasitələr təqdim etməklə insanların həyatına müsbət təsir göstərilməsinə yönəldilmiş siyasətlərinin hazırlanması üçün qlobal platformanın icrasına başlanılacaq.
Bu nüfuzlu sammitin tərəfdaşları qismində Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Davos Ümumdünya İqtisadi Forumu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, UNESCO, Dünya Ticarət Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası, Ərəb Dövlətləri Liqası və başqaları çıxış edirlər.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Abu Dabi