Azərbaycan eksperti: Türkiyənin Ermənistanla danışıqlarda iştirakı tamamilə məntiqlidir
Bakı, 5 oktyabr, AZƏRTAC
Azərbaycan keçiriləcək beştərəfli görüşdə Türkiyənin də iştirak etməsini təklif edib və təkid edib. Bu ölkə bölgədə böyük təsirə malikdir. Sülh gündəminin inkişaf etdirilməsi təkcə Bakı ilə İrəvanın deyil, Ankaranın da İrəvanla gələcək münasibətlərinə təsir edəcək. Bu səbəbdən Türkiyənin danışıqlarda iştirakı tamamilə məntiqlidir. Lakin buna imkan yaradılmayıb.
AZƏRTAC xəbər verir ki, bunu nüfuzlu beynəlxalq "Əl-Cəzirə” televiziya kanalına verdiyi müsahibədə telejurnalist, siyasi şərhçi Anastasiya Lavrina Azərbaycanın oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçirilməsi planlaşdırılan beştərəfli görüşdən niyə imtina etməsi ilə bağlı suala cavab verərkən deyib.
Rəsmi Bakının bu qərarına təsir edən səbəblər arasında Azərbaycan eksperti, ilk növbədə, Fransanın tutduğu mövqeyə diqqət çəkib.
"Azərbaycanın Ermənistanla sülh sazişinin tezliklə imzalanması və Qarabağın erməni əhalisinin reinteqrasiyası üçün hər cür səy göstərdiyi bir vaxtda rəsmi Paris və bəzi Avropa rəsmiləri açıq-aşkar ermənipərəst mövqe tutaraq Azərbaycana qarşı əsassız və yalan ittihamlar irəli sürürlər. Fransa 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsinə imza atıb, indi isə açıq şəkildə Azərbaycana və suverenliyin qorunmasını təmin edən hüquqi qanunlara qarşı çıxır" deyən A. Lavrina, Parisin Ermənistanı silahlandırmaq niyyətini açıq şəkildə ifadə etdiyini və sülh danışıqları fonunda bunun heç də ən yaxşı həll yolu olmadığını bildirib.
Siyasi şərhçi onu da qeyd edib ki, BMT TŞ-nin qətnamələrinin qəbulundan düz otuz il keçəndən sonra Azərbaycan ərazi bütövlüyünü və suverenliyini öz gücü ilə bərpa edib və indi regionda sülh gündəminin inkişaf etdirilməsinə hazırdır.