AZƏRBAYCAN, ERMƏNİSTAN VƏ TÜRKİYƏ XARİCİ İŞLƏR NAZİRLƏRİNİN ÜÇTƏRƏFLİ GÖRÜŞÜ
Görüşdən sonra nazirlər mətbuata açıqlama verdilər. Türkiyənin xarici işlər naziri Abdullah Gül bildirdi ki, danışıqlar çox faydalı oldu. Bu görüş Minsk qrupu çərçivəsində gedən sülh prosesinə yardım məqsədi daşıyır. Genişlənən Avropa Birliyi və NATO Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunmasında, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllində çox maraqlıdır. Tərəflər bu görüşləri davam etdirmək qərarına gəlmişlər.
Ermənistanın xarici işlər naziri Vartan Oskanyan açıqlamasında dedi ki, görüşdə regionda sabitliyin təmin olunmasına dair fikir mübadiləsi aparıldı. Avropa Birliyinin və NATO-nun genişlənməsi fonunda Cənubi Qafqazda yeni strategiyanın parametrlərinin müəyyənləşdirilməsi çox zəruridir. O qeyd etdi ki, tərəflər Dağlıq Qarabağ probleminin həlli istiqamətində səylərini davam etdirəcəklər. Türkiyə, Azərbaycan, Ermənistan regionda sabitliyin təmin olunmasında maraqlıdır.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov vurğuladı ki, görüşdə tərəflər öz mövqelərini bir daha bildirdilər. Lakin əsas müzakirə obyekti Türkiyənin sülh prosesində daha fəal rol oynaması idi. Tərəflər razılığa gəldilər ki, bununla bağlı xüsusi mexanizm üzərində işləsinlər və 1-2 aydan sonra üçtərəfli görüş yenidən davam etdirilsin. Bu görüş irəliyə doğru daha bir addımdır. Belə görüşlər bizi problemin həllinə daha da yaxınlaşdırır.