SİYASƏT
Azərbaycan gəncləri müstəqil dövlətimizin qüdrətli ordusunda xidmət etməkdən fəxarət hissi duyurlar
Binəqədi rayonundan hərbi xidmətə yollanmış və respublikanın ayrı-ayrı bölgələrində əsgəri borclarını yerinə yetirən gənc əsgərlərin andiçmə mərasimində ilk dəfə olaraq Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları da iştirak ediblər.
RİH-dən AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, aparatın şöbə müdiri Yunis Hüseynov Lənkərana, şöbə müdirləri Elnur İmanov və Ədalət Rəcəbov Gəncə şəhərinə, şöbə müdiri Ramiz Göyüşov və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov isə Naxçıvan Muxtar Respublikasına ezam olunublar.
Binəqədi rayonundan hərbi xidmətə yollanmış əsgərlərin andiçmə mərasimlərinə qatılan Binəqədi RİH başçısı Aparatının məsul işçiləri bu hərbi ritualın icrasını yaxından izləyib, çıxış edərək əsgərlərə ən xoş arzularını və tövsiyələrini bildiriblər. Onlar Binəqədi rayonundan olan əsgərlərlə görüşdə hər bir Azərbaycan gəncinin həyat yolunda keçdiyi çox əlamətdar hadisə və şərəfli dövr olan əsgəri xidmət barədə danışıb, Vətənə olan məhəbbəti əməldə sübut etməyin yolunun Vətəni qorumaqdan keçdiyini diqqətə çatdırıblar.
Dövlətçiliyin mühüm atributu olan Milli Ordu quruculuğunu Ali Baş Komandan İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasətinin ən mühüm tərəflərindən biri olduğu vurğulanıb, hər bir Azərbaycan gəncinin, müstəqil dövlətimizin qüdrətli ordusunda xidmət etməklə fəxarət hissi duymalı olduğu qeyd edilib. Binəqədi rayonundan olan əsgərlərlə görüşdə bu şərəfli və müqəddəs missiyanı daim alnıaçıq, üzüağ yerinə yetirməkdə onlara müvəffəqiyyətlər arzulanıb.
Görüşlərdə Binəqədi Rayon İcra Hakimiyyəti adından əsgərlərə hədiyyələr təqdim olunub.
Andiçmə mərasimlərində iştirak edən Binəqədi rayonundan olan əsgərlərin valideynləri icra hakimiyyətinin rayondan hərbi xidmətə yollanmış əsgərlər üçün çox əlamətdar gündə iştirak etmələrini məmnunluqla qarşılayıb və bu addımın ilk təşəbbüs olduğunu diqqətə çatdırıblar.