AZƏRBAYCAN GƏNCLİYİ İLƏ BAĞLI DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
Ombudsman Elmira Süleymanova “Azərbaycan Gəncliyi Dövlət Proqramı” nın əhəmiyyətindən danışmış, bu proqramın gənclərin həyatında baş verən proseslərin elmi şəkildə öyrənilməsinə, ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsində əlaqəli və məqsədyönlü fəaliyyət göstərməsinə imkan yaratdığını diqqətə çatdırmış, uşaq, yeniyetmə və gənclərin üzləşdiyi problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən söz açmışdır.
Xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycan hökumətinin BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası” müddəalarının yerinə yetirilməsinə dair hesabatı barədə məlumat vermişdir. O, uşaqların hüquq və azadlıqlarının qorunması, onların sağlam böyüməsi, təhsili, istirahəti, sosial müdafiəsi ilə bağlı ölkəmizdə görülən işlər, qəbul olunmuş dövlət proqramları və qanunvericilik aktlarının əhəmiyyətini vurğulamış, bu sahədə əldə edilən və hesabatda əksini tapan uğurları, ümumən, ölkə iqtisadiyyatının davamlı inkişafının, demokratik təsisatların bərqərar olunmasının nəticəsi kimi səciyyələndirmişdir.
BMT Uşaq Fondu (YUNİSEF) Azərbaycan Nümayəndəliyinin rəhbəri xanım Hana Singer, Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli, Milli Məclisin deputatı Fuad Muradov və başqaları YUNİSEF-in uşaq və gənclərlə iş sahəsindəki təcrübəsindən, Azərbaycanda uşaq və gənclərin sosial müdafiəsindən, gənclərin inkişafında və hüquqlarının qorunmasında qeyri-hökumət təşkilatlarının rolundan danışmışlar.
Dəyirmi masada mövzu ətrafında müzakirələr aparılmış, təkliflər verilmişdir.