AZƏRBAYCAN GİMNASTI ALİYƏ QARAYEVA BÜRÜNC MÜKAFATA LAYİQ GÖRÜLMÜŞDÜR
Azərbaycan gimnastı Aliyə Qarayeva Pekində keçirilən olimpiyaqabağı test turnirində yaxşı nəticə göstərmişdir. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, A.Qarayeva çoxnövçülük yarışlarında 16 iştirakçı arasında 3-cü yeri tutaraq, finala vəsiqə qazanmışdır. O, yarışların həlledici mərhələsində proqramın 4 növü üzrə topladığı xalların ümumi sayına görə rəqiblərindən bir bal artıq qazanaraq 3-cü pilləyə sahib olmuşdur.
Aliyə ayrı-ayrı növlərdə - halqa ilə kompozisiyaya görə ikinci, gürz və lentlə hərəkətlərə görə isə üçüncü nəticəni göstərmişdir.
Azərbaycan gimnastı yarışların yekunlarına həsr olunmuş mətbuat konfransında Çin Xəbərlər Agentliyi müxbirinin sualına cavabında demişdir: “Bürünc medal almağıma hələ də inana bilmirəm. Başa çatmaqda olan il mənim üçün çox uğurlu olmuşdur. Mən Avropa çempionu, qitə və dünya çempionatının bürünc mükafatçısı, Qran-pri yarışlarının mükafatçısı olmuşam. Ümidvaram ki, uğur gələn il də üzümə güləcəkdir. Çünki mən daha səylə və inadla məşq edəcəyəm”.
Test turniri 2008-ci il Pekin Olimpiadası yarışlarının bir növ güzgüsüdür. Çünki Olimpiadada bədii gimnastika üzrə medallar yalnız çöxnövçülükdə oynanılacaqdır.
Azərbaycanın Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Alina Tryopina, Anastasiya Prasolova və Anastasiya Makarovadan ibarət qrup komandası ikinövçülük yarışlarında 10-cu yeri tutaraq, Pekin Olimpiadasına vəsiqə qazanmışdır.
Mətbuat xidmətindən bildirmişlər ki, gimnastlarımızın çıxışlarını başda Yaşar Əliyev olmaqla Azərbaycanın Çindəki diplomatik nümayəndəliyinin əməkdaşları, habelə bu ölkədə təhsil alan çoxsaylı azərbaycanlı tələbələr dəstəkləmişlər.
Səfir Y.Əliyev A.Qarayevanın bürünc medal alması münasibətilə təşkil etdiyi qəbulda gimnastlarımıza xatirə medalları bağışlamışdır. O demişdir: “Arzu edirəm ki, bu xatirə hədiyyələrinə Olimpiadada qazandığınız medalları da əlavə edə biləsiniz”.