Azərbaycan Həndbol Federasiyası Olimpiya çempionu Rəfiqə Şabanovanı 75 illik yubileyi münasibətilə təbrik edib
Bakı, 31 oktyabr, AZƏRTAC
Oktyabrın 31-də həndbol üzrə Olimpiya çempionu Rəfiqə Şabanovanın 75 yaşı tamam olub.
AZƏRTAC Azərbaycan Həndbol Federasiyasının (AHF) rəsmi saytına istinadla xəbər verir ki, AHF-in vitse-prezidenti Orxan Abbasov yubiley münasibətilə R.Şabanovanı təbrik edərək, qurumun prezidenti Saleh Məmmədovun adından ona fəxri fərman və hədiyyə təqdim edib.
Azərbaycanın Əməkdar bədən tərbiyəsi və idman ustası, SSRİ-nin Əməkdar idman ustası R.Şabanova 1968-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunu bitirib. O, 1976-cı ildə Monrealda təşkil olunan XXI Yay Olimpiya Oyunlarının qalibi olub. SSRİ çempionatının və SSRİ Xalqları Spartakiadasının gümüş mükafatçısı olan R.Şabanova 1983-cü ildə “Avtomobilçi” komandasının tərkibində Beynəlxalq Əl Topu (həndbol) Federasiyası kubokunu qazanıb.