Azərbaycan İctimai-Siyasi Universitetində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılmışdır
Bakı, 22 fevral (AZƏRTAC). Fevralın 22-də Azərbaycan İctimai-Siyasi Universitetində (AİSU) bu ali təhsil müəssisəsinin və Dünya Azərbaycanlıları Gənclərinin Beynəlxalq Həmrəyliyi Cəmiyyəti (DAGBHC) İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 21-ci ildönümünə həsr edilmiş “Xocalı faciəsi - qan yaddaşımız” mövzusunda tədbir keçirilmişdir.
AZƏRTAC xəbər veri ki, əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə AİSU-nun rektoru, iqtisad elmləri doktoru, professor Rasim Nəbiyev və DAGBHC İB-nin prezidenti Tofiq Əlizadə çıxış edərək Xocalı qətliamının XX əsrin ən dəhşətli faciəsi olduğunu bildirmiş, bu soyqırımının Ermənistan silahlı birləşmələri tərəfindən törədildiyini qeyd etmiş və faciənin ağır nəticələrini diqqətə çatdırmışlar. Xocalı soyqırımı erməni cəlladlarının Azərbaycan türklərinə qarşı törətdiyi əsl genosid idi. Soyqırımı nəticəsində Xocalı şəhəri yerlə-yeksan edilmiş, günahsız əhali vəhşicəsinə öldürülmüşdür.
Mərasimdə, həmçinin ermənilərin azərbaycanlılara qarşı zaman-zaman həyata keçirdikləri soyqırımı və deportasiya siyasəti, mənfur qonşularımızın xalqımızın başına gətirdikləri müsibətlərdən, insanlığa sığmayan vəhşiliklərindən söhbət açılmışdır.
Anım mərasimində 1992-ci il fevralın 26-sı ermənilərin Xocalıda törətdiyi dəhşətli qətlləri lentə almış ilk hərbi operator, polkovnik-leytenant Seyidağa Mövsümlü hadisələrin canlı şahidi kimi ermənilərin xalqımızın başına gətirdikləri müsibətlərdən, tariximizin qan yaddaşına çevrilmiş Xocalı faciəsindən söhbət açmışdır.
Tədbirdə Azərbaycanlı Gənclərin Avropaya İnteqrasiyası Təşkilatı İB-nin sədri Gülsel Səfərova qurumun Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlər haqqında məlumat vermiş və gənclərimizi bu sahədə daha fəal olmağa çağırmışdır.
Tədbirdə Xocalı faciəsinin dəhşətlərini əks etdirən videogörüntülər nümayiş etdirilmişdir.