Azərbaycan İdman Jurnalistləri Assosiasiyası 2021-ci ilin idman laureatlarını elan edib
Bakı, 24 dekabr, AZƏRTAC
Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) və İdman Mətbuatı üzrə Avropa İttifaqının (AIPS EUROPE-UEPS) üzvü və Azərbaycanda rəsmi təmsilçisi Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) 25 yaşının tamam olduğu yubileyi ilində müxtəlif nominasiyalar üzrə qaliblərin adlarını açıqlayıb.
AİJA-dan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilin idmanı ən yaxşı işıqlandıran informasiya agentliyi elan olunub.
İlin idman adamı Fərid Qayıbov, idman xadimi İlqar Rəhimov, futbol xadimi Emrah Çelikel (“Qarabağ” FK) seçiliblər.
İlin idmançısı adına kişilər arasında Rafiq Hüseynov (güləş), Rafael Ağayev (karate), Hacı Əliyev (güləş), qadınlar arasında İrina Zaretska (karate), İrina Kindzerska (cüdo), Zöhrə Ağamirova (bədii gimnastika) layiq görülüblər.
İlin klubu “Qarabağ” FK, məşqçisi Qurban Qurbanov (“Qarabağ” FK), futbolçusu Emin Mahmudov (“Neftçi” İK), legioneri Mahir Emreli (“Legiya”), idman jurnalisti - televiziya kanalları üzrə Sənan Abdullayev (“Xəzər” TV), radio üzrə Rüfət Nadirli (“Fərqli radio”), qəzetlər üzrə Rəşad Qasımov (“Futbol+”), saytlar üzrə Həbib Aslanov (Sportinfo.az), xarici dilli media üzrə Elmir Əliyev (Haqqın.az), sosial şəbəkələr üzrə Rəşad Ergün seçiliblər.
İlin gənc idman reportyoru Fuad Eldarov (İdman TV), televiziya aparıcısı Fəridə Abdulla (İTV), idman şərhçisi Elnur Məmmədli (SBS Sport), Tural Dadaşov (İTV), fotojurnalisti Rasim Hüseynov, televiziya kanalı İctimai Televiziya - İTV, radiosu fərqli radio, idman qəzeti “Futbol+”, ictimai-siyasi qəzetlər üzrə “525-ci qəzet”, internet saytı “Qol.az” (idman saytları üzrə), “Oxu.az” (ictimai-siyasi saytlar üzrə), mətbuat katibi - qurumlar üzrə Vamiq Nəsirov (AMADA), federasiyalar üzrə Mahal Məmmədov (AFF), futbol klubları üzrə Elnur Həmidov (“Sabah”) seçiliblər.