AZƏRBAYCAN İDMANÇISI DÜNYA BİRİNCİLİYİNİN FİNALINA ÇIXMIŞDIR
Bakı, 4 avqust (AZƏRTAC). Avqustun 4-də Ankarada gənclər arasında güləş üzrə dünya birinciliyinin ilk yarış günündə Azərbaycan idmançısı - son Avropa birinciliyinin qalibi Həsən Əliyev (60 kq) 1/16 final mərhələsində rumıniyalı Razvan Motoyu (1-1, 7-0), 1/8 finalda misirli Əli Məhəmmədi (7-2, 6-0), 1/4 finalda isə gürcüstanlı Arçil Turmanidzeni məğlubiyyətə uğratmışdır (1-0, 0-1, 4-0).
Finala çıxış uğrunda Həsənin rəqibi İran təmsilçisi Abuza Nurzadə olmuşdur. İranlı güləşçi də idmançımızın qarşısında duruş gətirə bilməmişdir (3-0, 5-0). Həsən Əliyev finalda dünya çempionu adı uğrunda türkiyəli güləşçi, ötənilki dünya birinciliyinin qalibi Rəhman Bilici ilə qarşılaşacaqdır.
Yeri gəlmişkən, Həsən iyulda Tbilisidə keçirilən Avropa birinciliyinin yarımfinalında adıçəkilən güləşçini təmiz qələbə ilə məğlubiyyətə uğratmışdı.
Medal qazanmaq şansı olan daha bir idmançımız isə 50 kiloqram çəkidə yarışan Avropa birinciliyinin bürünc mükafatçısı Xurşud Babaşovdur. 1/16 finalda iranlı Məhəmməd Qodrini (2-0, 0-2, 3-0), 1/8 finalda isə gürcü Zurab Matçaraşvilini məğlub edən (1-0, 0-1, 5-0) Xurşud 1/4 finalda qazaxıstanlı Artur Umbetkaliyevə uduzmuşdur. Rəqibin finala çıxması güləşçimizin təsəlliverici görüşlərdə iştirakına şərait yaratmışdır. ABŞ idmançısı Maks Novrini məğlub edən təmsilçimiz (6-0, 1-0) dünya birinciliyinin bürünc medalı uğrunda qırğızıstanlı Həsən Süleymanovla qarşılaşacaqdır.
Ölkəmizi 96 kiloqram çəki dərəcəsində təmsil edən Səbuhi Hümbətov ilk qarşılaşmada iraqlı Əli Qasımı məğlub etsə də (2-0, 6-0), ikinci görüşdə Rusiya güləşçisi İslam Maqomedova uduzmuşdur (0-1, 0-2). Rusiya təmsilçisinin yarımfinalda kubalı güləşçiyə məğlubiyyəti isə Səbuhini medal şansından məhrum etmişdir.
Dünya birinciliyinin medal uğrunda görüşləri Bakı vaxtı ilə saat 20.00-da başlanmışdır və Türkiyənin TRT-3 kanalı ilə canlı yayımlanır.