AZƏRBAYCAN İLƏ ERMƏNİSTAN ARASINDA EKOLOGİYA SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ MÜMKÜN DEYİL
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, subregional əməkdaşlıq və ATƏT-in, BMT-nin İnkişaf Proqramının və BMT-nin Ətraf Mühit Proqramının hazırladıqları “Ətraf mühit və Cənubi Qafqazda təhlükəsizlik təşəbbüsü” hesabatının təqdimatı məsələsinin müzakirəsi zamanı Azərbaycan nümayəndə heyətinin başçısı Hüseynqulu Bağırov beynəlxalq təşkilatların Ermənistanla əməkdaşlığa dair təklifinə cavabında onları real mövqedən çıxış etməyə çağırmış və demişdir ki, münaqişə zonasında insanların həyatı üçün təhlükə olduğu bir şəraitdə ekoloji təhlükəsizlik probleminin həllindən söhbət gedə bilməz. Bildirilmişdir ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində regionun nadir təbiətinə ciddi ziyan dəymişdir, Azərbaycanın təbii sərvətləri amansızcasına talan edilir. Regionun bir sıra ölkələrinin transregional xarakterli ekoloji məsələləri nizamlayan konvensiyalara qoşulmaması mövcud problemlərin, o cümlədən Kür çayı ilə bağlı problemlərin həllinə mane olur.
Konfransda Avropa ölkələri nazirlərinin ötən il Kiyevdə keçirilmiş konfransında qəbul olunmuş Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üçün ekoloji strategiyanın həyata keçirilməsinin gedişi müzakirə edilmişdir. Nazir Hüseyqulu Bağırov strategiyanın gerçəkləşdirilməsində özəl və ictimai sektorların tərəfdaşlığı məsələsinə həsr olunmuş sessiyasında çıxış edərək, Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində əldə olunmuş nailiyyətlərdən söhbət açmış və ekoloji problemlərin həllində özəl və ictimai sektorların sintezi barədə konkret nümunələr əsasında məlumat vermişdir.
Nümayəndə heyətimizin başçısı strategiyanın iştirakçısı olan dövlətlərlə beynəlxalq donorlar arasında tərəfdaşlıq məsələlərinin müzakirəsi zamanı ekoloji problemlərin həllində donorlardan danışarkən, donor yardımından asılılığı azaltmaq məqsədi ilə milli ehtiyatlardan daha səmərəli istifadə olunmasını təklif etmişdir.
Nazir Hüseynqulu Bağırov konfrans çərçivəsində bir sıra görüşlər də keçirmişdir. O, Gürcüstanın Baş naziri Zurab Jvaniya, ətraf mühitin mühafizəsi və təbii ehtiyatlar naziri Tamara Lebanidze, moldovalı həmkarı Konstantin Mixaylesku, habelə beynəlxalq təşkilatların rəhbərləri ilə görüşmüşdür.