AZƏRBAYCAN İLƏ İSVEÇ ARASINDA QANUNSUZ MİQRASİYANIN QARŞISININ ALINMASINA DAİR MƏSƏLƏLƏR MÜZAKİRƏ OLUNMUŞDUR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nazir qonaqlara daxili işlər orqanlarının fəaliyyət istiqamətləri, aparılan hüquqi islahatlar, cinayətkarlığa qarşı mübarizənin vəziyyəti, əldə olunmuş nəticələr, yeni qanunların və qanunvericilik aktlarının qəbulu, hableə polisin fəaliyyətinin demokratik dəyərlərə uyğunlaşdırılması istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat vermişdir.
Qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyevin dövlətçilik və idarəetmə prinsiplərini, ölkəmizdə aparılan fəal hüquq-mühafizə siyasətini rəhbər tutan Daxili İşlər Nazirliyi respublikamızda sabitliyin və asayişin etibarlı surətdə təmin olunması, həmçinin şəxsi heyət arasında qanunçuluğun gücləndirilməsi məqsədi ilə ardıcıl surətdə mühüm işlər görür.
Eyni zamanda, müəyyən problemlərin mövcudluğu da vurğulanmış, əksər ölkələr üçün xarakterik olan transmilli cinayətlərin, bu sırada sərhədlərin şəffaflığının, gediş-gəlişin çoxalmasının qanunsuz miqrasiya və insan alveri kimi cinayətlərin artmasına səbəb olduğu bildirilmişdir.
Daxili işlər naziri qeyd etmşdir ki, miqrasiya proseslərinin tənzimlənməsi hər bir ölkənin inkişafı və təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Nazirliyin tərkibində 2004-cü ilin iyul ayında İnsan Alverinə Qarşı Mübarizə İdarəsi, 2005-ci ilin avqustunda isə Miqrasiya Xidməti yaradılmışdır. Digər tərəfdən, eyni məsələ ilə bağlı bir sıra dövlətlərin müraciətləri nəzərə alınmaqla hazırda Azərbaycan hökuməti tərəfindən Almaniya, Avstriya, Benilüks (Belçika, Niderland, Lüksemburq), İsveçrə, Rusiya və Türkiyə ilə Readimissiya haqqında saziş layihələrinə baxılır. Əgər hökumətlərarası razılıq olarsa, İsveç ilə də belə saziş layihəsinin müzakirəsi mümkündür.
Ramil Usubov xatırlatmışdır ki, Qərbi Avropa dövlətlərinə qanunsuz yollarla gedən miqrantların Cənubi Qafqaz regionunda baş verən münaqişələrdən bəhrələnməyə cəhd göstərməsi halları da mövcuddur. Məsələn, bir neçə il əvvəl Danimarkada olmuş Azərbaycan ekspertləri özlərini azərbaycanlı kimi qələmə verən çoxlu sayda digər MDB ölkələri vətəndaşlarını ifşa etmişlər. Ümumiyyətlə, ölkəmizin imici baxımından biz belə məsələlərin araşdırılmasında maraqlıyıq.
Xanım Barbro Holmberq səmimi qəbula, ətraflı məlumata görə təşəkkürünü bildirmiş, miqrasiya problemləri ilə məşğul olan əməkdaşların təlimatlandırılmasının vacibliyini və bu görüşün müzakirə olunan məsələ ilə bağlı gələcəkdə Azərbaycan ilə İsveç arasında yaradılacaq əməkdaşlığa doğru atılmış bir addım kimi mühüm əhəmiyyət daşıdığını vurğulamışdır.