AZƏRBAYCAN İLƏ İTALİYA ARASINDA MÜNASİBƏTLƏRİN İNKİŞAFI HƏR İKİ TƏRƏF ÜÇÜN BÖYÜK ƏHƏMİYYƏTƏ MALİKDİR
- Cənab səfir, dövlət müstəqilliyimizin bərpasından 12 il sonra İtaliyada səfirliyimizin fəaliyyətə başlaması faktının özü ilkin mərhələdə görüləcək işlərin həcminin geniş olmasından xəbər verir. Bu mənada səfirliyin açılması və ilkin fəaliyyəti ilə bağlı məlumatlar maraq doğurur...
- Azərbaycanın ümummilli lideri, Prezident Heydər Əliyevin Fərmanı ilə 2003-cü ilin mart ayında ölkəmizin İtaliyada səfirliyinin açılmasına qərar verilmişdir. Həmin il avqust ayının sonlarında Azərbaycanın diplomatik missiyasının ilk üzvləri kimi Romaya gələrək səfirliyin açılması ilə bağlı fəaliyyətə başladıq. Qeyd edim ki, Roma şəhərində icarəyə götürmək üçün ofis və ev tapmaq kifayət qədər mürəkkəb problemdir. Çünki Roma dünyanın ən qədim tarixi abidələr şəhəri olduğu üçün burada yeni binaların tikintisinə icazə verilmir.
Əfsuslar olsun ki, səfirliyimizin fəaliyyətə başlaması ümummilli liderimiz Heydər Əliyevin dünyasını dəyişməsi ilə eyni vaxta təsadüf etdi. Bu səbəbdən də səfirlik tərəfindən təşkil edilən ilk tədbir Prezident Heydər Əliyevin vəfatı ilə bağlı keçirilən matəm mərasimi olmuşdur.
Azərbaycanla İtaliya arasında geniş əməkdaşlıq münasibətlərinə baxmayaraq, hələ də bu ölkədə respublikamız haqqında kifayət qədər məlumata malik deyillər. Odur ki, İtaliya hökümətinin, Senat və Deputatlar Palatasının nümayəndələri, xüsusilə də İtaliyanın AŞPA-dakı, Avropa Parlamentindəki, ATƏT PA-dakı üzvləri, böyük şirkətlərin rəhbərləri, elm-təhsil müəssisələrinin, mətbuatın nüməyəndələri ilə görüşlər keçirərək, onlarla ölkəmizə dair, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə əsl həqiqətlər, Azərbaycanda gedən demokratiya prosesi, ölkəmizin iqtisadi imkanları və Avropa üçün əhəmiyyəti barədə söhbət aparır və həmin məsələlərlə bağlı hazırlanmış məruzələri onlara təqdim edirik. Eləcə də, İtaliyadakı regionların, mahalların, şəhərlərin, ictimai, sənaye-ticarət birliklərinin, böyük müəssisələrin rəhbərliyinə Azərbaycanda gedən proseslər, ölkəmizdə ictimai-siyasi, sosial-iqtisadi sahələrdə əldə edilən nailiyyətlərə dair məlumat göndərilərək onları respublikamızla konkret sahələr üzrə əməkdaşlığa dəvət edirik. İtaliya cəmiyyətinin özünəməxsusluğunu nəzərə alaraq, vacib bir məqamı da qeyd etmək istərdim ki, burada istənilən məsələnin həyata keçirilməsi müəyyən vaxt tələb edir. Bu səbəbdən də ölkəmizin İtaliyada tanıtdırılmasına proses kimi yanaşmaq lazımdır.
-Azərbaycan ilə İtaliya arasında münasibətlərin genişləndirilməsi üçün hansı addımların atılmasına ehtiyac vardır?
-Azərbaycanla İtaliya arasındakı əlaqələr 1992-ci ildə diplomatik münasibətlərin əsasının qoyulmasından sonra inkişaf etməyə başlamışdır. İtaliya 1992-1993-cü illərdə ATƏM-in (indiki ATƏT) Minsk qrupunun ilk sədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində danışıqlar prosesinə cəlb olunmuş, lakin münaqişənin həllinə dair İtaliya tərəfinin (Mario Rafaellinin rəhbərliyi ilə) hazırladığı təkliflər təəssüf ki, heç bir nəticə verməmişdir.
Azərbaycan üçün İtaliya müasir sənaye potensialı, zəngin mədəni-elmi-texnoloji imkanları olan ölkə, eləcə də, Avropa Birliyinin əsas dövlətlərindən biri kimi böyük əhəmiyyətə malikdir. İtaliya da Cənubi Qafqaz ölkələri ilə münasibətlərində Azərbaycana xüsusi əhəmiyyət verərək respublikamızı zəngin karbohidrogen ehtiyatları olan bir məmləkət, eləcə də Orta Asiyaya və ümumiyyətlə, Şərqə açılan əhəmiyyətli coğrafi-siyasi məkan kimi dəyərləndirir. Elə bu səbədən də İtaliya höküməti 1997-ci ilin əvvəllərində Cənubi Qafqaz ölkələri arasında məhz ilk dəfə Azərbaycanda öz səfirliyini təsis etmişdir.
Aydındır ki, Azərbaycan və İtaliya arasında geniş əməkdaşlığın inkişaf etdirilməsi fəaliyyətimizin əsas istiqamətini təşkil edir. Məlum olduğu kimi, Azərbaycanın ümummilli lideri, Prezident Heydər Əliyevin 1997-ci il sentyabrın 25-28-də İtaliyaya rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin inkişafına təkan vermişdir. Səfər müddətində Prezident Heydər Əliyev İtaliya Respublikasının rəhbərliyi ilə görüşlər keçirmiş, eləcə də, ölkələrimiz arasında münasibətlərin inkişafı üçün bir sıra mühüm sənədlər imzalanmışdır. Həmin səfərdən 7 il keçmişdir və münasibətlərin indiki vəziyyəti dövlət başçılarının yeni səfərlərinə ehtiyac olduğunu göstərir. Bu istiqamətdə səfirlik İtaliya tərəfi ilə danışıqlar aparır və səfərlərin dəqiq vaxtı müəyyənləşdirilir.
Əməkdaşlığın dərinləşdirilməsi məqsədi ilə hər iki tərəfdən digər yüksək səviyyəli dövlət nümayəndə heyətlərinin səfərlərinin təşkili, iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlərə dair müzakirələrin aparılması, münasibətlərin mövcud vəziyyətinin və perspektivlərinin təhlili məqsədi ilə hökümətlərarası məsləhətləşmə komissiyasının və ya ayrı-ayrı qrupların (siyasi, iqtisadi, mədəni-humanitar və sair) yaradılması da əhəmiyyətli olardı. Bu istiqamətdə Azərbaycan və İtaliya parlamentləri arasında artıq mövcud olan dostluq qrupunun fəaliyyətinin fəallaşdırılması çox vacibdir. Qeyd olunan məsələlərlə bağlı İtaliya tərəfi ilə yaxın vaxtlarda müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Təhlükəsizlik sahəsində də əməkdaşlığın genişləndirilməsi, xüsusilə də İtaliyanın təcrübəsinin öyrənilməsi məqsədi ilə iki ölkənin hüquq mühafizə orqanları arasında əməkdaşlıq proqramlarının həyata keçirilməsi də əhəmiyyətlidir və bu məqsədlə İtaliya tərəfi ilə danışıqlar aparılır.
-Azərbaycan-İtaliya iqtisadi əməkdaşlığının mövcud səviyyəsini necə qiymətləndirirsiniz? Bu istiqamətdə səfirlik tərəfindən həyata keçirilməsi planlaşdırılan tədbirlər nədən ibarətdir?
-Ölkələrimiz arasında iqtisadi münasibətlər ürəkaçandır. İtaliya Azərbaycanın xam neft və neft məhsullarının ən çox ixrac edildiyi ölkədir və bu səbəbdən də Azərbaycanın ən böyük xarici ticarət partnyorudur. 2002-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi 1,1 milyard ABŞ dollarından çox, 2003-cü ildə təxminən 1,2 milyard ABŞ dolları təşkil etmişdir ki, bu da Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin müvafiq olaraq 2002-ci il üçün 29 faizini, 2003-cü il üçün isə təxminən 26 faizini təşkil edir. Bir məqama aydınlıq gətirmək lazımdır ki, Azərbaycandan İtaliyaya ixrac olunan xam neft və neft məhsullarının bir hissəsi İtaliyaya daxil olur, digər hissəsi isə İtaliya limanlarından dünya bazarlarına göndərilir.
Azərbaycan iqtisadiyyatının hələ ki, yalnız enerji bölməsinə İtaliya sərmayəsi yönəldilmişdir. İtaliyanın ən böyük şirkəti olan ENİ Xəzərin Azərbaycan sektorunda yerləşən iki blokun (Qarabağ və Kürdaşı) kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair layihələrə cəlb olunmuş, lakin kəşfiyyat işləri nəticəsində blokların işlənilməsi iqtisadi cəhətdən sərfəli olmadığından həmin layihələr bağlanmışdır. Lakin ENİ Azərbaycanın enerji sektorundakı fəaliyyətini dayandırmayıb, nəhəng Şahdəniz qaz-kondensat yatağının işlənilməsi layihəsində və Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri və Cənubi Qafqaz boru kəməri layihələrində 5 faiz paya malikdir. Eləcə də, Bakı-Tbilisi-Ceyhan layihəsinin maliyyələşdirilməsinə “Banca di San Paolo” və “Banca İntesa” kimi iki italyan bankları və onların layihə üzrə vəsaitlərini sığortalayan SACE şirkəti də cəlb olunmuşdur. ENİ şirkətlər qrupuna aid olan Saipem şirkəti də hazırda “Azəri-Çıraq-Günəşli” layihəsinin genişmiqyaslı işlənilməsi çərçivəsində böyük subpodrat işləri həyata keçirir.
Qeyd etmək lazımdır ki, İtaliya şirkətləri hələ də ölkəmizdə yalnız müəyyən qurumlar tərəfindən maliyyələşdirilən layihələrdə çalışır və birbaşa sərmayədar rolunda çıxış etməyə tərəddüd göstərir. Bizim əsas məqsədimiz isə həm İtaliya şirkətlərinin Azərbaycanın qeyri-enerji sahələrinə, xüsusilə də, kənd təsərrüfatı, ərzaq məhsullarının istehsalı, toxuculuq, kimya, turizm və sair sahələrə yönəldilməsi, həm də italyan sərmayəsinin Azərbaycan iqtisadiyyatındakı payının artırılmasına təşviqati yardım göstərməkdir.
Eləcə də, Azərbaycandakı mövcud fiskal, qanunvericilik, sərmayə rejimi, ölkəmizin iqtisadi potensialı və biznes imkanları barədə məlumatların İtaliyanın müvafiq stukturlarına çatdırılması üçün bu ölkədə “Azərbaycanın təqdimatı” layihəsini həyata keçirmək məqsədəmüvafiq olardı. Azərbaycanla İtaliya arasında ikitərəfli iqtisadi-ticarət münasibətlərinin inkişafı və iki ölkənin müvafiq təşkilatlarının, sahibkarlarının əlaqələrinin qurulması və genişləndirilməsi üçün Romada Azərbaycan-İtaliya Ticarət Palatasının yaradılması da vacib məsələdir. Bu istiqamətdə, eləcə də, İtaliyada “Made in Azerbaijan”, Azərbaycanda isə “Made in İtaly” sərgilərinin təşkili layihələrinin həyata keçirilməsi üçün İtaliya rəhbərliyi və müxtəlif şirkətlərlə danışıqlar aparırıq.
İtaliyada dövlət nümayəndələrinə, iri şirkətlərin rəhbərlərinə Azərbaycandakı iqtisadi imkanlar barədə məlumat verməklə yanaşı, onları inandırmağa çalışırıq ki, ölkəmizə gəlməklə 100 milyon əhali səviyyəsində istehlak imkanları olan digər Qafqaz ölkələri, Cənubi Rusiya, Orta Asiya, Şimali İran və Əfqanıstana qədər uzanan maraqlı bazarlara keçid imkanları da əldə etmək mümkündür. Bu məqsədlə İtaliyadan Azərbaycana birbaşa uçuş xəttinin açılması da çox vacib məsələdir.
-İtaliyanın zəngin mədəni irsini, elmi-texniki potensialını nəzərə alsaq, ölkələrimiz arasında mədəniyyət, incəsənət, elm-təhsil, humanitar sahələrdə də əlaqələrin genişləndirilməsi əhəmiyyətlidir. Bu istiqamətdə səfirlik tərəfindən hansı işlərin görülməsi planlaşdırılır?
- Mədəniyyət, elm, təhsil, humanitar sahələr üzrə əməkdaşlıq nə qədər intensiv inkişaf etsə, xalqlarımız arasında ünsiyyətin genişlənməsinə bir o qədər böyük töhfə verəcəkdir. Bu istiqamətdə Ticarət və Sənaye Palatasının da daxil olduğu Azərbaycan Ticarət və Mədəniyyət mərkəzinin yaradılması çox əhəmiyyətli olardı. Mərkəz Azərbaycan tarixinin, incəsənətinin İtaliyada təbliğ edilməsi, mədəniyyət, elm və digər humanitar sahələrdə ikitərəfli tədbirlərin, eləcə də, İtaliyada Azərbaycan mədəniyyəti günlərinin təşkilinə yardım edə bilər.
Azərbaycan və İtaliyanın təhsil nazirlikləri, elmi tədqiqat institutları, ali məktəbləri arasında birbaşa əlaqələrin qurulmasına, iki ölkə arasında elmi tədqiqatçıların, tələbələrin mübadiləsinin təşkilinə, onların hər iki dövlətdə keçirilən elmi-nəzəri-praktik konfranslarda iştirakına yardım göstərmək də planlaşdırdığımız fəaliyyət sahələrindəndir.
Məlumdur ki, Bakı ilə Neapol qardaşlaşmış şəhərlər statusunu almışdır. Bu layiqli ənənəni davam etdirərək Azərbaycan və İtaliyanın digər şəhərləri arasında da belə körpülərin yaradılmasına və bunun vasitəsi ilə ölkələrimizin qədim kökləri olan münasibətlərinin daha da yaxınlaşdırılmasına çalışacağıq. Eləcə də, ölkəmizin təşviqi məqsədi ilə İtaliyada geniş yayılmış fəxri konsullar institutundan da istifadə etmək məqsədəuyğundur. Belə ki, İtaliyanın böyük regionlarının mərkəzlərində ictimaiyyət arasında nüfuzu olan tanınmış şəxslərə Azərbaycanın fəxri konsulu titulunu verməklə həmin ərazidə ölkəmizin tanınmasına nail olmaq mümkündür.
Əminəm ki, Azərbaycan-İtaliya münasibətləri ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğun inkişaf edərək yüksək səviyyəyə çatacaqdır.