AZƏRBAYCAN İLƏ LATVİYA ARASINDA ƏLAQƏLƏR SÜRƏTLƏ İNKİŞAF EDİR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a demişlər ki, nazir Vilayət Quliyev Azərbaycan ilə Latviya arasında əlaqələrin artan dinamikasını məmnunluqla qeyd edərək, qarşılıqlı səfərlərin siyasi, iqtisadi, mədəni və başqa sahələrdəki əlaqələrə öz müsbət töhfəsini verdiyini bildirmişdir.
Dövlət katibinin müavini Andris Teikmanis Latviyanın Azərbaycanla əməkdaşlığın perspektivlərinə böyük əhəmiyyət verdiyini vurğulamış, qarşılıqlı surətdə əlaqələrin davam etdirilməsinə tərəfdar olduğunu qeyd etmişdir. O, həmçinin ölkəsinin yaxın zamanlarda Avropa İttifaqına və NATO-ya qəbul olunacağını bildirərək, bu strukturlarla sıx əməkdaşlıq nəticəsində əldə olunmuş müsbət təcrübəni Azərbaycan tərəfi ilə bölüşmək niyyətində olduğunu qeyd etmişdir.
Görüş zamanı nazir Vilayət Quliyev on altı ildən artıq davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də öz həllini tapmamasını təəssüf hissi ilə qeyd etmiş, münaqişə nəticəsində yaranmış problemlər – Azərbaycan ərazilərinin işğalı, qaçqınlar və məcburi köçkünlərin ağır sosial vəziyyəti haqqında qonağa ətraflı məlumat vermişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilmişdir.