AZƏRBAYCAN İLƏ LİTVANIN ƏMƏKDAŞLIĞININ PERSPEKTİVLƏRİ MÜZAKİRƏ EDİLMİŞDİR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, qonaqları səmimi salamlayan nazir Elmar Məmmədyarov Avropaya inteqrasiya yolunda böyük təcrübə qazanmış Litvanı bu yaxınlarda NATO və Avropa Birliyinə daxil olması ilə bağlı təbrik etmişdir. Nazir Litva ilə Azərbaycanın əməkdaşlığa maraq göstərdiyini bildirərək, bu səfərin ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsi üçün faydalı olacağını qeyd etmiş və beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın mövqeyini dəstəklədiyinə görə təşəkkürünü bildirmişdir.
Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu günlərdəki Belçika Krallığına işgüzar səfəri zamanı Avropa Birliyi qurumlarının rəhbərləri ilə keçirdiyi görüşlərin və Avropa Birliyi ilə Azərbaycan arasında Tərəfdaşlıq və Əməkdaşlıq sazişinə Protokolun imzalanmasının bu beynəlxalq təşkilatla ölkəmiz arasında əlaqələrin davamlı inkişafı üçün münbit şərait yaratdığını qeyd etmişdir.
Litvanın xarici işlər nazirinin müavini Darius Yurgeleviçius öz ölkəsi ilə Azərbaycan arasındakı əlaqələrin siyasi, iqtisadi və turizm sahələrində də inkişafının, həmçinin iki dövlətin XİN –lərinin sıx əməkdaşlığının davam etdirilməsinin zəruriliyini vurğulamışdır. O, əlaqələrin bu şəkildə inkişafının ölkələrimiz arasında əməkdaşlığın perspektivlərinə inam yaratdığını qeyd etmiş və beynəlxalq təşkilatlarda daha sıx işbirliyinin davam etdirilməsinin zəruriliyini vurğulamışdır.
Daha sonra nazir Elmar Məmmədyarov ölkəmizin bir sıra böyük iqtisadi layihələrdə, o cümlədən Bakı–Tbilisi–Ceyhan neft, Bakı-Ərzurum qaz kəmərinin tikilişində iştirakından, həmçinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində bu quruma daxil olan ölkələrlə səmərəli əməkdaşlıqdan söhbət açmış, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli istiqamətində görülən işlər və qaçqınların ağır vəziyyəti barədə qonağa ətraflı məlumat vermişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilmişdir.