Azərbaycan ilə Liviya arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün əlverişli imkanlar var
Bakı, 29 aprel, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə işgüzar səfərdə olan Liviyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Məhəmməd Əl-Həd Miftəh Əl-Dairi ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və Liviya xalqları arasında ənənəvi dostluq əlaqələri, ölkələrimizin siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığı üçün əlverişli imkanların olduğu qeyd edilib.
Elmar Məmmədyarov Azərbaycanın Liviyada tezliklə sülh və sabitliyin bərqərar olmasını arzuladığınıı diqqətə çatdırıb. O, İslam dünyasında həmrəyliyin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.
Məhəmməd Əl-Həd Miftəh Əl-Dairi Azərbaycanda olmasından məmnunluğunu ifadə edərək, III Qlobal Bakı Forumunun əhəmiyyətini vurğulayıb. O, Azərbaycanın təcrübəsinin daha yaxından öyrənilməsinin vacibliyini qeyd edərək, ölkəmizdə həyata keçirilən iqtisadi, sosial, infrastruktur və digər layihələrin xalqın həyat şəraitinin daha da yaxşılaşmasına xidmət etdiyini bildirib. Nazir Azərbaycanın neft tədrisi sahəsində zəngin təcrübəsinin Liviya üçün maraqlı olduğunu qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.