Azərbaycan ilə Rusiyanın Novosibirsk vilayəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Moskva, 1 may, AZƏRTAC
Azərbaycanın Yekaterinburq şəhərindəki baş konsulu İlqar İskəndərov və ölkəmizin Rusiyadakı ticarət nümayəndəliyinin rəhbəri Ruslan Əliyevin başçılığı ilə nümayəndə heyəti aprelin 29-30-da Novosibirsk şəhərinə səfər edib.
Baş konsulluqdan AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində Novosibirsk vilayətinin, Rusiya Xarici İşlər Nazirliyi Novosibirsk vilayəti üzrə nümayəndəliyinin rəhbərliyi ilə Novosibirsk İnvestisiya İnkişafı Agentliyi və Novosibirsk Ticarət-Sənaye Palatasında görüşlər keçirilib, həmçinin Novosibirskdə Azərbaycan ticarət nümayəndəliyinin “Azərbaycan nemətləri” mağazalar şəbəkəsi” layihəsi təqdim olunub.
Novosibirsk İnvestisiya İnkişafı Agentliyinin rəhbərliyi və Novosibirsk Ticarət-Sənaye Palatasının prezidenti Sergey Altuxov ilə görüşdə Azərbaycan ilə Novosibirsk vilayəti arasında ticari-iqtisadi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, ölkəmizdə istehsal olunan məhsulların regionda təşviqi və istehsalçılar arasında işgüzar əlaqələrin qurulması mövzuları müzakirə olunub. Azərbaycan nümayəndə heyətinə Novosibirsk vilayətində iqtisadi və ticarət potensialı, nəqliyyat dəhlizləri və yüklərin daşınması imkanları barədə məlumat verilib. Görüş iştirakçıları ölkəmizdə istehsal olunan məhsulların Novosibirsk vilayətinə idxalı, onların ticarət obyektlərinə paylanması və satışının təşkili mövzularına da toxunublar.
Novosibirsk Ticarət-Sənaye Palatasında keçirilmiş görüş çərçivəsində yerli sahibkarlar, iş adamları və iri ticarət şəbəkələrinin rəhbərləri Azərbaycanda istehsal olunan müxtəlif növ məhsulların geniş çeşidləri ilə yaxından tanış olublar. Görüşdə “Azərbaycan nemətləri” mağazalar şəbəkəsi”nin daxil olduğu “Azərbaycan” Ticarət Evi” layihəsi təqdim olunub.
Nümayəndə heyətinin Novosibirsk vilayəti qubernatorunun birinci müavini Yuri Petuxovla görüşündə Rusiya Xarici İşlər Nazirliyinin Novosibirsk şəhərindəki nümayəndəsi Nikolay Afonasov və Novosibirsk vilayəti qubernatoru administrasiyası və Novosibirsk vilayəti hökumətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Sergey Sannikov da iştirak ediblər. Görüş iştirakçıları Azərbaycan ilə Novosibirsk vilayəti arasında iqtisadi sahədə əməkdaşlıq əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıb, mədəniyyət sahəsində, xüsusilə də teatr və musiqi sahələrində əlaqələrinin genişləndirilməsi, turizm sektorunun inkişafı kimi məsələlər müzakirə olunub. Ruslan Əliyev ticarət nümayəndəliyinin layihəsi, Azərbaycanda mövcud əlverişli biznes mühiti və investisiya imkanları haqında məlumat verib, ölkəmizdə istehsal olunan məhsulların xaricə ixracı və onların Novosibirsk vilayətində təqdim edilməsi imkanları ilə maraqlanıb. Təqdim olunan layihələr maraqla qarşılanıb və bu layihələrin Novosibirskdə reallaşdırılmasının mümkünlüyü qeyd olunub.
Baş konsul İ.İskəndərov və Y.Petuxov Novosibirsk vilayətinin qubernatoru Andrey Travnikovun Azərbaycana səfərinə və Azərbaycan ilə Novosibirsk vilayəti arasında əməkdaşlıq haqqında sazişin imzalanmasına hazırlıq məsələlərini müzakirə ediblər. Görüşdə Azərbaycan Milli Elmlər Akademiyası və Rusiya Elmlər Akademiyasının Novosibirsk şəhərində yerləşən Sibir bölməsi arasında birbaşa əlaqələrin qurulması, təhsil sahəsində əməkdaşlıq, tələbə mübadiləsi və Novosibirsk regionunda Azərbaycan diasporu təşkilatlarının fəaliyyəti məsələləri nəzərdən keçirilib.
Nümayəndə heyətinin Novosibirsk vilayəti Qanunvericilik Məclisinin sədri Andrey Şimkiv, Qanunvericilik Məclisi sədrinin birinci müavini Andrey Parfyonov, Qanunvericilik Məclisi sədrinin müavini Vladimir Karpov və deputat Mayis Məmmədovun iştirakı ilə keçirdiyi görüşdə Azərbaycan və Rusiya prezidentləri arasındakı səmimi dostluq münasibətlərindən danışılıb, xalqlarımız arasında mədəni, elmi və iqtisadi əlaqələrin tarixi köklərə malik olduğu vurğulanıb. Tərəflər iki ölkənin parlamentləri arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Baş konsul ümummilli lider Heydər Əliyevin Sibir regionunun inkişafında böyük xidmətlərindən söhbət açıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin Rusiyanın regionları ilə münasibətlərinin inkişafına böyük önəm verdiyini diqqətə çatdırıb. Diplomat iki ölkənin prezidentlərinin iştirakı ilə 2018-ci ilin sentyabrında Bakıda keçirilmiş IX Azərbaycan-Rusiya Regionlararası Forumunun əhəmiyyətindən danışıb.
Səfər çərçivəsində İ.İskəndərov və R.Əliyev “Rus-Azərbaycan Evi” Regional İctimai Təşkilatının sədri M.Məmmədovla görüşüb, Novosibirsk Elmlər Akademiyasının elmi şəhərciyində və Novosibirsk Dövlət Opera və Balet Teatrında olublar.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva