Azərbaycan ilə Türkmənistan arasındakı əməkdaşlıq qlobal iqtisadiyyata mühüm töhfədir ŞƏRH
Bakı, 25 iyun, AZƏRTAC
Azərbaycan ilə Türkmənistan arasında münasibətləri şərtləndirən bir çox mühüm amillər mövcuddur. İlk növbədə tarixi bağlar, ortaq kimlik, ortaq milli-mənəvi dəyərlər, dil birliyi və Türk dünyasına mənsubluq iki ölkə arasında münasibətlərin əsasını təşkil edir.
Bunu AZƏRTAC-a açıqlamasında Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı bildirib.
O deyib ki, Azərbaycanın digər türk dövlətləri ilə olduğu kimi, Türkmənistanla münasibətlərində də bu ortaq dəyərlər baza rolunu oynayır. "Bununla yanaşı, coğrafi yaxınlıq da mühüm amildir. Hər iki dövlətin Xəzər dənizinin sahilində yerləşməsi və Xəzər vasitəsilə əməkdaşlıq imkanları münasibətlərin inkişafına ciddi töhfə verir.
Azərbaycan və Türkmənistan müstəqillik əldə etdikdən sonra, 1992-ci ilin iyun ayında diplomatik münasibətlər qurublar və ilk illərdə əlaqələr uğurla inkişaf edib. Dövlətlər bir-birinin müstəqilliyinin möhkəmləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək göstərilməsi, enerji və digər istiqamətlərdə əməkdaşlıq baxımından yaxın tərəfdaş olublar. Azərbaycanın ərazi bütövlüyü və Türkmənistanın daimi neytrallıq statusu ilə bağlı məsələlərdə də qarşılıqlı dəstək nümayiş etdirilib.
Araz Aslanlı bildirib ki, son illərdə Prezident İlham Əliyevin Türkmənistana, eləcə də Türkmənistan Prezidentinin Azərbaycana həyata keçirdiyi səfərlər münasibətlərin həm istiqamətlərinin genişlənməsinə, həm də mövcud əməkdaşlığın daha da dərinləşməsinə xidmət edib.
Türkmənistan Prezidentinin son dövlət səfəri çərçivəsində energetika, gömrük, iqtisadiyyat, nəqliyyat, maliyyə, səhiyyə, ərzaq təhlükəsizliyi və digər sahələri əhatə edən çoxsaylı sənədlər imzalanıb. Dövlət başçılarının birlikdə Qarabağa səfər etməsi isə mühüm siyasi və mənəvi mesajlar verib.
Ekspert Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə keçirdiyi görüşdə səsləndirdiyi fikirlərə istinad edərək bildirib ki, coğrafi amil mühüm olsa da, dövlətlər arasında strateji baxış və siyasi iradə olmasa, təkcə coğrafi yaxınlıq münasibətlərin inkişafı üçün kifayət etmir. Dünyada coğrafi və dini yaxınlığa baxmayaraq, münaqişə şəraitində yaşayan dövlətlər bunun nümunəsidir. Azərbaycan və Türkmənistan arasında münasibətlərin bugünkü yüksək səviyyəyə çatmasının əsas səbəbi isə məhz dövlət rəhbərlərinin uzaqgörən strateji siyasətidir.
Azərbaycan ilə Türkmənistan arasında enerji və nəqliyyat sahələrində əməkdaşlıq təkcə iki ölkəyə deyil, bütövlükdə regiona və qlobal iqtisadiyyata mühüm töhfələr verir. Əgər münasibətlər mövcud dinamika ilə inkişaf edərsə, bu əməkdaşlığın qlobal əhəmiyyəti daha da artacaq", - deyə o qeyd edib.