AZƏRBAYCAN İNFORMASİYA BLOKADASINI YARMIŞDIR
BU, XÜSUSİLƏ AVROPA ŞURASINA QƏBUL EDİLDİKDƏN SONRA MÜMKÜN OLMUŞDUR
Bunu Beynəlxalq Mətbuat Mərkəzində keçirilmiş “dəyirmi masa”da Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov demişdir. O qeyd etmişdir ki, üc il ərzində deputatlarımız Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün AŞ tribunasından səmərəli istifadə etmişlər. Onlar həm də ağrılı problemlərimizi təkcə söz vasitəsilə yox, sənədlərdə ifadə etmişlər. Bu nüfuzlu beynəlxalq təşkilatda sənəd qəbul etdirmək o qədər asan olmasa da, qısa müddətdə Azərbaycanın problemlərini ifadə edən 30-a yaxın rəsmi sənəd qəbul olunmuşdur. Onların arasında azərbaycanlıların soyqırımı, Dağlıq Qarabağ, qaçqınlar və köçkünlər, erməni işğalının törətdiyi ekoloji fəsadlar, Ermənistandakı AES-in təhlükə mənbəyi olması, işğal olunmuş və nəzarətsiz qalmış ərazilərin terrorizm yuvasına çevrilməsi, həmin ərazilərdən narkotik maddələrin daşınmasında tranzit məqsədi ilə istifadə olunması və digər məsələlər vardır.
Səməd Seyidov vurğulamışdır ki, Azərbaycanı narahat edən bütün problemlər Avropa Şurasına təqdim edilir və onların müzakirəsinə nail olunur. Həm də nümayəndələrimiz bu problemləri daim gündəlikdə saxlamağa çalışırlar. Bu işdə AŞ-nin müxtəlif qurumlarında fəaliyyət göstərən deputatlarımızın rolu çox böyükdür.