AZƏRBAYCAN İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATININ ƏN FƏAL ÜZVÜDÜR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, səmimi qəbula görə məmnunluq ifadə edən Asxat Orazbay İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi vəzifəsinə onun namizədliyinin Azərbaycan tərəfinin fəal dəstəyinə görə təşəkkürünü bildirdi. Bu quruma üç illik rəhbərliyi dövründə müsbət nəticələrin əldə olunmasına çalışacağını qeyd edən Asxat Orazbay İqtisadi Əməkdaşlıq Təşkilatının bu ilin sentyabr ayında Düşənbədə keçiriləcək səkkizinci Zirvə Toplantısına hazırlıq işlərinin aparıldığını nazirin diqqətinə çatdırdı. Təşkilat çərçivəsində ölkəmizin fəaliyyətini yüksək dəyərləndirən baş katib, ticarət sahəsindəki Sazişə, həmçinin İƏT-in himayəsi ilə yeni yaradılmış təhsil institutuna Azərbaycanın qoşulması ilə bağlı məsələyə baxılacağına ümidvar olduğunu qeyd etdi. Asxat Orazbay, həmçinin təşkilata üzvlük haqqının ölkəmiz tərəfindən vaxtında ödənilməsinə görə təşəkkürünü bildirdi. Daha sonra baş katib 2002-ci ilin İstanbul sammitində ümummilli liderimiz Heydər Əliyevin İƏT-in iqtisadi statistika mərkəzinin Bakıda yaradılması barədə təşəbbüsünün həyata keçirilməsi istiqamətində mühüm addımlar atılacağına ümidvar olduğunu bildirdi.
Xarici işlər naziri Elmar Məmmədyarov müstəqil Azərbaycanın ilk olaraq məhz bu beynəlxalq təşkilatda təmsil olunduğunu qonağın diqqətinə çatdırdı. Azərbaycanın regional iqtisadi inteqrasiya proseslərinə, o cümlədən İƏT çərçivəsində əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edən nazir, adı çəkilən təşkilatın region ölkələrinin inkişafında daha mühüm rol oynayacağına ümidvar olduğunu bildirdi. İƏT regionunda ticarətin təşviqi və sərmayələrin regiondaxili hərəkətini təmin etmək məqsədi ilə hüquqi çərçivənin yaradılması zərurətindən danışan nazir Elmar Məmmədyarov, qurumun bir sıra üzv dövlətləri ilə ikitərəfli müqavilələrin, habelə vahid sazişin imzalanmasının faydalı olduğunu diqqətə çatdırdı. Nazir, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin iqtisadiyyatına vurduğu ziyandan, onun regional inkişaf proseslərinə mənfi təsirindən söhbət açdı.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilmişdir.