AZƏRBAYCAN-İRAN ƏLAQƏLƏRİ PREZİDENT HEYDƏR ƏLİYEVİN MÜƏYYƏNLƏŞDİRDİYİ YOLLA İNKİŞAF ETDİRİLƏCƏKDİR
Nazir Vilayət Quliyev qonağı səmimi salamladıqdan sonra, Bəm şəhərində baş vermiş zəlzələ nəticəsində çoxlu insan tələfatı ilə bağlı Əminzadəyə başsağlığı vermişdir. O, İran dövlətinin təbii fəlakətin nəticələrini tezliklə aradan qaldıracağına və Bəm şəhərində həyatın öz əvvəlki ahənginə qaytarılacağına ümidvar olduğunu bildirərək demişdir ki, ötən ilin sonları ölkəmiz üçün də kədərli olmuşdu. Xalqımız öz sınanmış ümummilli liderini, həyatının son yarım əsrini Azərbaycan xalqına xidmətdə keçirən möhtərəm Heydər Əliyevini itirmişdir. Amma bütün çətinliklərə, faciələrə baxmayaraq həyat davam edir, biz daim irəli getməliyik. Böyük şəxsiyyətlərin miras qoyduğu irs, ənənələr bizi buna sövq edir.
Azərbaycan Prezidenti İlham Əliyev özünün andiçmə mərasimində mövcud xarici siyasi kursu davam etdirəcəyini bildirib. Bu bir daha sübut edir ki, Azərbaycan-İran münasibətləri də Prezidentlər Heydər Əliyevin və Məhəmməd Hatəminin müəyyənləşdirdiyi kurs üzrə davam etdiriləcək. İran bizə çox yaxın dövlətdir. Bizim müştərək tarixi, dini, mədəni, ədəbi dəyərlərimiz var. Regionun gələcək inkişafı xalqlarımızın əməkdaşlığından çox asılıdır. Biz bundan sonra da iki ölkə arasında mövcud olan əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsi istiqamətində səylərimizi artırmalıyıq. Əminəm ki, bu səfər işlərimizə yeni impuls verəcəkdir.
Səmimi qəbul üçün minnətdarlıq edən Möhsün Əminzadə demişdir ki, Bakıya səfərindən əsas məqsəd ölkələrimiz arasında mövcud əlaqələrin inkişafında səyləri artırmaqdır. Prezident Heydər Əliyevlə görüşlərini xatırladan qonaq demişdir ki, o böyük insanın çox ciddi və səmimi siyasəti əlaqələrimizin inkişafında yeni bir səhifə açmışdır. Onun yoxluğu təkcə Azərbaycan üçün deyil, bölgə üçün də böyük itkidir. Biz onun ənənələrini davam etdirməliyik.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.