Azərbaycan istehsalı olan daha iki ədəd mexaniki minatəmizləmə maşınları əməliyyatlara cəlb ediləcək
Bakı, 25 sentyabr, AZƏRTAC
“Improtex Industry” şirkətlər qrupunun “Made in Azerbaijan” brendi altında istehsal etdiyi daha 2 ədəd mexaniki minatəmizləmə maşını işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra edilən humanitar minatəmizləmə əməliyyatlarına cəlb olunacaq.
AZƏRTAC xəbər verir ki, Bakı Ekspo Mərkəzində “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində mexaniki minatəmizləmə maşınlarının Agentliyə təqdim edilməsinə həsr olunan mərasim keçirilib.
“Revival P” və “Revival T” - piyada və tank əleyhinə mexaniki minatəmizləmə maşınları Azərbaycanın aparıcı kənd təsərrüfatı şirkətlərindən biri olan “Agro Dairy” tərəfindən Agentliyə ianə edilib.
Təqdimat mərasimində Agentliyin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov, “Improtex Industry” şirkətlər qrupunun baş direktoru Fərid Abdullayev, “Agro Dairy” şirkətinin icraçı direktoru Niyazi Əmirbəyov, eləcə də bir sıra şirkətlərin rəsmiləri iştirak edib.
Təqdimat mərasimi çərçivəsində nümayəndə heyəti Agentliyin “ADEX-2024” sərgisində təmsil olunduğu stendi ziyarət edərək, işğaldan azad edilmiş ərazilərdə icra edilən fəaliyyət, interaktiv xəritə üzərindən minatəmizləmə göstəriciləri, əməliyyatlar zamanı istifadə olunan alət və avadanlıqlar, azad edilmiş ərazilərdə əməliyyatlar zamanı aşkar olunan partlayıcı sursat nümunələri, eləcə də minatəmizləmə fəaliyyətini əyani şəkildə əks etdirən imitasiya sahəsi ilə tanış olublar.
Qeyd edək ki, beynəlxalq minatəmizləmə standartlarına əsasən mexaniki minatəmizləmə maşınları piyada və tank əleyhinə mina xətlərinin aşkar edilməsi, ərazilərin təmizlənməsi üçün sahələrin hazırlanması, minaaxtaran itlərin dəstəyi ilə şübhəli-təhlükəli ərazilərin qısaldılması məqsədilə istifadə edilir.
Təqdimat mərasiminin sonunda mexaniki minatəmizləmə maşınlarının sertifikatı Agentliyə təqdim edilib.