QAN YADDAŞI
Azərbaycan İstiqlal Muzeyində 1918-ci ilin mart soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılmışdır
Bakı, 28 mart (AZƏRTAC). Martın 28-də Azərbaycan İstiqlal Muzeyində 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirin əvvəlində soyqırımına həsr olunmuş sənədli film nümayiş olunmuşdur.
Professor Solmaz Rüstəmova-Tohidi 31 mart soyqırımı haqqında ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, 1918-ci il martın 30-dan aprelin 2-dək “Daşnaksutyun” Erməni İnqilabı Federasiyasının silahlı birləşmələrinin bolşeviklərin dəstəyi ilə Bakıda, Şamaxıda, Qubada, ölkəmizin digər şəhər və rayonlarında törətdikləri qanlı hadisələrdə minlərlə insan qətlə yetirilmişdir.
Professor mənfur ermənilərin ilk olaraq 1905-1907-ci illərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar törətdiklərini qeyd edərək, qəsbkarların “Böyük Ermənistan” yaratmaq xülyası ilə zaman-zaman işğalçılıq siyasəti apardıqlarını, azərbaycanlılara qarşı soyqırımı aktı həyata keçirdiklərini diqqətə çatdırmışdır.
Qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyevin “31 mart Azərbaycanlıların Soyqırımı haqqında” 1998-ci il 27 mart tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların soyqırımı günü elan edilmişdir.
Sonra soyqırımı hadisələrini əks etdirən fotoşəkillər və sənədlər nümayiş etdirilmişdir.