Azərbaycan jest dili və jestlərin avtomatik tanınması problemləri
Bakı, 7 aprel, AZƏRTAC
Sağlamlıq vəziyyətindən, maddi təminatından, irqindən, dinindən, dilindən, yaşından və s. asılı olmayaraq cəmiyyətin hər bir üzvünün informasiya bolluğundan bəhrələnməsi üçün bərabər imkanların yaradılması sosial bərabərliyin əsasını təşkil edir. İnformasiya texnologiyalarının tətbiqi ilə sağlamlıq imkanları məhdud şəxslərin informasiya əldə etmək imkanları genişlənir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkəmizdə 50 minə yaxın insanın eşitmə məhdudiyyəti var. Jestlər eşitmə və nitq məhdudiyyətli insanların yeganə ünsiyyət vasitəsidir.
Bu barədə AZƏRTAC-a İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin rəhbəri texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova məlumat verib.
O, jest dilinin tətbiq sahələri, informasiyanın jestlərlə ötürülməsi problemlərini öyrənən elm sahələri, informasiyanın ötürülməsi vasitələri, eləcə də jestlərin statik və dinamik növləri haqqında məlumat verib, Azərbaycan daktil əlifbasının hazırlandığını diqqətə çatdırıb.
Jestlərin qeyd edilməsinin skelet, 3D tanınma, 2D tanınma və digər metodlarından danışan R.Mahmudova barmağın siluetinin aşkarlanması üçün “Bustinq alqoritmi”, jest dilinin elementlərinin avtomatik tərcüməsi məsələsində əlin hərəkətinin tanınması alqoritminin blok-sxeminin hazırlandığını bildirib.
“Jestlərin avtomatik tanınmasını reallaşdıran İKT layihələrinin əsas məqsədi aparat və proqram təminatı vasitəsilə ünsiyyətə maksimum imkan yaratmaqdır”, - deyə qeyd edən R.Mahmudova jestlərin tanınması üçün arxitekturanın təklif olunduğunu bildirib. O, arxitekturada jestlərin yüksək dəqiqliklə identifikasiyasını həyata keçirmək üçün müxtəlif maşın təlimi üsullarının işlənildiyini, neyron şəbəkələri əsasında klassifikasiya üsulunun yaradıldığını deyib.
Onun sözlərinə görə, jest dilinin Azərbaycan dilində avtomatik tərcümə sistemi inklüziv təhsilə imkan yaradacaq və sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunmasını, erkən yaşlarında cəmiyyətə adaptasiyasını təmin edəcək.