Azərbaycan karateçiləri Tbilisidə idman karatesi üzrə beynəlxalq turnirdə iştirak edirlər
Tbilisi, 10 yanvar, AZƏRTAC
Tbilisidə Dünya Karate Federasiyasının təşkilatçılığı ilə idman karatesi üzrə beynəlxalq turnir keçirilir.
Dünyanın 60-dan çox ölkəsindən idmançıların iştirak etdiyi bu mötəbər yarışda Azərbaycan 20 karateçi ilə təmsil olunur.
Azərbaycan Karate Federasiyasının idman karatesi üzrə yeniyetmə və gənclərdən ibarət komandasının baş məşqçisi Anar Allahverdiyev AZƏRTAC-a müsahibəsində deyib ki, bu yarışda ölkəmizin 18 yaşdan yuxarı idmançıları müxtəlif yaş kateqoriyalarında iştirak edirlər. Yarış qalib gələn idmançılarımıza qarşıdan gələn dünya çempionatı, Avropa Oyunları və digər mötəbər yarışlar üçün reytinq xalı qazandıracaq. Baş məşqçi idmançılarımızın Vətənə bu yarışdan da qələbə ilə qayıdacaqlarına ümid etdiyini bildirib.
Turnir yanvarın 11-də başa çatacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi