Azərbaycan kikboksçuları Belqradda dünya çempionatında uğurla çıxış ediblər
Bakı, 2 noyabr, AZƏRTAC
Kikboksçularımızın beynəlxalq arenada uğurlu nailiyyətləri Azərbaycanda qeyri-Olimpiya idman növlərinin inkişafının göstəricisidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev Serbiyanın paytaxtı Belqradda kikboksinqin WAKO versiyası üzrə dünya çempionatında uğur qazanan idmançılarla görüşdə bildirib.
“Azərbaycanda dövlət tərəfindən idmanın inkişafı üçün hər cür şərait yaradılıb. İdmanın bütün növləri üzrə mükəmməl maddi-texniki baza yaradılıb və gənclərin istifadəsinə verilib. Gənclər bu imkan və şəraitdən səmərəli istifadə etməlidirlər. Bunun üçün çox çalışmaq lazımdır”, - deyə A.Əliyev vurğulayıb.
Federasiya rəhbəri son vaxtlar kikboksçularımızın beynəlxalq arenada uğurlarından da danışaraq deyib: “Bu gün idmançılarımız beynəlxalq yarışlarda uğurlu qələbələr qazanmaqla, digər gənc və yeniyetmə kikboksçularımıza örnək olurlar. Bu isə sağlam və güclü nəslin yetişməsinə böyük təsir göstərir. Azərbaycana həm fiziki, həm də intellektual cəhətdən gənc nəsil lazımdır”.
Azərbaycan idmançıları arasında fəxri kürsünün ən yüksək pilləsinə 54 kiloqram çəki dərəcəsində mübarizə aparan Elşad Ələsgərov yüksəlib. O, qızıl medala K-1 növü üzrə layiq görülüb. Ramal Aslanov (61 kq, loukik), Anar Məmmədov (91 kq, K-1) və Ehram Məcidov (94 kq-dan yuxarı, kiklayt) gümüş medal qazanıblar. Çingiz Əhmədzadə (51 kq, K-1), Ramiz Məmmədov (54 kq, loukik) və Zöhrab Əzimov (60 kq, loukik) isə üçüncü yeri tutublar.
Elşad Ələsgərov kikboks üzrə ikiqat dünya çempionu Elnur Əliyevin tələbəsidir. Azərbaycan təmsilçisi, həmçinin bu il martın 14-də Sankt-Peterburqda keçirilən Heydər Əliyev kuboku turnirində erməni əsilli rusiyalı kikboksçu Armen Arutunovu məğlub etmişdi.