Azərbaycan klublarının qış toplanışı: Kim harada hazırlaşacaq?
Bakı, 5 dekabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən 10 komandadan doqquzunun qış hazırlıq planı bəlli olub.
AZƏRTAC xəbər verir ki, onlardan dördü təlim-məşq toplanışını Azərbaycanda, beşi isə ölkə xaricində keçirəcək.
“Qarabağ”, “Zirə”, “Araz-Naxçıvan” və “Kəpəz” klubları mövsümün ikinci hissəsinə Bakıda hazırlaşacaqlar. “Sumqayıt”, “Səbail”, “Sabah”, “Turan Tovuz” və “Qəbələ” isə qış toplanışı üçün Türkiyənin Antalya şəhərinə yollanacaq.
“Turan Tovuz” yanvarın 3-dən 17-dək qardaş ölkədə hazırlıq keçəcək. Komanda bu müddət ərzində 2-3 yoxlama oyununda qüvvəsini sınamağı planlaşdırır.
Yanvarın 4-da Antalyaya yollanacaq “Qəbələ” “Limak Lara De Luxe” otelində məskunlaşacaq. Bölgə klubu yanvarın 16-dək Türkiyədə hazırlaşacaq.
“Sumqayıt” komandası isə yanvarın 6-da Antalyaya yola düşəcək. “Gənclik şəhəri” təmsilçisi 12 günlük hazırlıq dövründə üç yoldaşlıq matçı keçirəcək.
“Səbail” və “Sabah” komandalarının hazırlıq prosesinin vaxtı dəqiqləşməyib. “Neftçi”nin qış toplanışı ilə bağlı planları isə hələlik məlum deyil.