Azərbaycan Kooperasiya Universitetində “Açıq qapı” günü keçirilib
Bakı, 15 yanvar, AZƏRTAC
Azərbaycan Kooperasiya Universitetində (AKU) 2017-2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyası ilə bağlı “Açıq qapı” günü keçirilib.
Tədbirin məqsədi imtahanların şəffaf təşkilinin ictimaiyyət tərəfindən izlənilməsi və qiymətləndirilməsi olub.
AKU-dan AZƏRTAC-a bildiriblər ki, “Açıq qapı” günündə iştirak edən media və QHT nümayəndələri, həmçinin bu ali məktəbdə təhsil alan tələbələrin valideynləri universitetin marketinq və menecment, ekspertiza və texnologiya, iqtisadiyyat və pedaqoji fakültələrində, imtahan yoxlama mərkəzində imtahanların gedişini izləyiblər.
Universitetin tədris işləri üzrə prorektoru Fikrət Quliyev bildirib ki, Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası ilə əlaqədar olaraq AKU-da imtahanlar müasir qaydalarda aparılır. Universitetdə imtahanların obyektiv şəkildə keçirilməsi, tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi üçün bütün lazımi şərait yaradılıb. İmtahan nəticəsindən narazı qalan tələbə apellyasiya komissiyasına müraciət edə bilər.
“Açıq qapı” günündə iştirak edən jurnalistlər və QHT nümayəndələri, valideynlər universitetdə imtahanların şəffaf və obyektiv keçirilməsini yüksək qiymətləndiriblər.
Qeyd edək ki, AKU-da tədris Bolonya prosesinin tələblərinə uyğun təşkil edilir, təhsilin inkişafı istiqamətində səmərəli tədbirlər reallaşdırılır.