Azərbaycan Memarlıq və İnşaat Universitetində əcnəbi tələbələr üçün Xocalı dərsi
Bakı, 25 fevral, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) bütün fakültələrində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib, faciə qurbanlarının xatirəsi anılıb. Universitetin əcnəbi vətəndaşların hazırlığı fakültəsində hər il olduğu kimi, bu il də ilk dərs Xocalı faciəsinə həsr edilib.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, fakültənin Azərbaycan dili və pedaqogika kafedrasının müəllimləri hazırlıq qrupunda oxuyan əcnəbi tələbələrə xalqımızın qan yaddaşına həkk olunan Xocalı soyqırımından danışıblar. Xocalı şəhərində 27 il əvvəl həmvətənlərimizin başına gətirilən müsibətlər, erməni cəlladlarının törətdikləri insanlığa sığmayan vəhşiliklər, ağır işgəncələrlə qətlə yetirilən soydaşlarımızın faciəli taleyi əcnəbi tələbələri sarsıdıb.
Kafedranın müəllimləri tərəfindən Xocalı dəhşətləri tələbələrə faktlar və sənədlərlə çatdırılıb. Bununla yanaşı, tədbirdə Xocalı həqiqətlərini əks etdirən videoçarx nümayiş olunub.