AZƏRBAYCAN MİKROMALİYYƏLƏŞDİRMƏ BANKI SƏHMDARLARININ ÜMUMİ YIĞINCAĞI KEÇİRİLMİŞDİR
Yığıncaqda bankın ilin sonunadək kapital artımının məbləği təsdiqlənmişdir. Kapital artımı barədə qərar bankın müvəffəqiyyətlə genişlənməsinə və inkişafının sürətlənməsinə imkan yaradacaqdır. Mikromaliyyələşdirmə Bankının kapitalı 2005-ci ildə 17,5 milyon manat olmuş, cari ilin ötən dövründə 100 faiz artaraq 34 milyona çatmışdır. Bu artım Azərbaycan Milli Bankının banklar üçün müəyyənləşdirdiyi minimum kapital məbləğinə cavab verir. Kapital artımı üçün vəsait Mikromaliyyələşdirmə Bankının mövcud səhmdarlar fondundan götürüləcəkdir. Bankın idarə heyətinin sədri Andryu Pospilovski demişdir ki, səhmdarların bankımızdakı investisiyalarını artırmaq qərarı Azərbaycan Mikromaliyyələşdirmə Bankına inamın və bankın uzunmüddətli öhdəliyinin göstəricisidir. Ümumi yığıncaq və Müşahidəçilər Şurası cari il üçün bankın nəticələrini təhlil edib təsdiqləmişdir. Yığıncaqda Müşahidəçilər Şurasına daha 2 nəfər təyin edilmişdir: LFS Financial Systemsin nümayəndəsi, Mikromaliyyələşdirmə bankı idarə heyətinin sabiq sədri Tomas Engelhardt Bernd Zattleri, xanım Sabina Curman isə Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndəsi Mayk Teyloru əvəz edəcəklər. Həm B.Zattler, həm də M.Teylorun bu vəzifələrdən getmələri onların müvafiq müəssisələrdə yeni vəzifələrə təyin edilmələri ilə əlaqədardır. KfW bankının nümayəndəsi, Müşahidəçilər Şurasının sədri Mark Şuitin sədrliyi ilə keçən yığıncaqda səhmdarlar və Müşahidəçilər Şurasının üzvləri çıxış edərək müzakirə olunan məsələlərə münasibət bildirmişlər.