AZƏRBAYCAN MİLLİ AVARÇƏKMƏ FEDERASİYASININ HESABAT KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, dekabrın 14-də Milli Olimpiya Komitəsində Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) hesabat konfransı keçirilmişdir.
AMAF-ın prezidenti Elçin Zeynalov cəmi bir il əvvəl təsis olunmuş federasiyanın fəaliyyətinə toxunaraq, qısa müddətdə bir sıra nailiyyətləri qazanıldığını demişdir. Qeyd etmişdir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Mingəçevirdə dünya standartlarına uyğun yeni avarçəkmə bazası inşa olunur. Bu obyekt 2008-ci ilin sonu - 2009-cu ilin əvvəllərində istifadəyə veriləcəkdir. Bununla belə, idmançılarımızın indidən yarışlara hazırlığını təmin etmək, onların təlim-məşq toplanışlarında iştirakı üçün şərait yaratmaq məqsədi ilə Mərkəzi Ordu İdman Klubuna məxsus ərazidə baza yaradılmışdır. Bu ilin mart ayında isə Gürcüstan idmançılarının iştirakı ilə Mingəçevirdə ilk beynəlxalq reqata keçirilmişdir.
Məlumat verilmişdir ki, vaxtilə Azərbaycanda çalışmış mütəxəssislərin bir çoxu yenidən ölkəmizə dəvət olunur, onlar gənc və istedadlı idmançıları çalışdırırlar. Bakı buxtasında Hərbi Dəniz Qüvvələrinə məxsus ərazidə federasiyanın xüsusi ofisi yaradılmışdır. Bu kompleksdə avarçəkmə ilə yanaşı, vaterpol, üzgüçülük, örtülü zalda isə voleybol, futbol, basketbol və digər idman növləri ilə məşğul olmağa şərait yaradılmışdır.
Yay aylarında avarçəkənlərimiz Mingəçevirdə təlim-məşq toplanışlarına başlamış, sentyabrda ilk Azərbaycan çempionatı keçirilmişdir. İdmançılarımızın texniki avadanlıqla təchizi məqsədi ilə Çindən 50-dək qayıq alınmışdır.
Gələcək planlardan danışan E.Zeynalov artıq növbəti ildən Federasiya kuboku uğrunda turnirin, habelə bir sıra beynəlxalq yarışların keçirilməsinin nəzərdə tutulduğunu demişdir. Azərbaycanda avarçəkmənin inkişafı üçün münbit şəraitin olduğunu qeyd edən E.Zeynalov, bu idman növünün daha da populyarlaşması üçün Əli Bayramlıdakı gölün sahilində əlavə bazanın tikilməsindən ötrü monitorinqin keçiriləcəyini söyləmişdir.
Hesabat dövründə beynəlxalq əlaqələrə də xüsusi əhəmiyyət verilmişdir. Bu məqsədlə Rusiya, Ukrayna, Gürcüstan avarçəkmə federasiyaları ilə sıx əməkdaşlıq qurulmuşdur. Dekabrın əvvəlindən Rusiya yığmasının 42 nəfərdən ibarət heyəti Mingəçevirdə təlim-məşq toplanışı keçirir.
AMAF-ın İcraiyyə Komitəsinin üzvü Olgert Tsixovski federasiyanın fəaliyyətinin əsas prioritet istiqamətlərindən biri kimi gənc nəslin sağlam ruhda böyüməsinə yardım göstərildiyini vurğulamışdır.
Rusiyanın 23 yaşa qədər yığma komandasının baş məşqçisi Vladimir Ulyanov Azərbaycanda avarçəkmənin inkişafı üçün göstərilən diqqət və qayğının digər ölkələr üçün nümunə ola biləcəyini deyərək onların məhz Azərbaycanı seçməsini buradakı yaradılan yüksək şəraitlə əlaqələndirmişdir.
Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, məşqçilər, mütəxəssislər bu idman növünün inkişafı üçün hər cür şəraitin olduğu Azərbaycanda AMAF-ın son bir il ərzində, doğrudan da, çox böyük işlər gördüyünü söyləmiş, gələcəkdə Azərbaycan avarçəkənlərinin Olimpiya Oyunlarında layiqli çıxış edəcəklərinə əmin olduqlarını vurğulamışlar.
Sonda Azərbaycan Milli Avarçəkmə Federasiyasının gördüyü işləri işıqlandıran bir sıra kütləvi informasiya vasitələri mükafatlandırılmışlar. Azərbaycan Dövlət Teleqraf Agentliyi (AZƏRTAC) avarçəkmə növlərinin təbliğinə və inkişafına verdiyi dəstəyə görə federasiyanın Fəxri fərmanı ilə təltif olunmuşdur.