AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ HƏQİQİ ÜZVÜ, PROFESSOR ADİLƏ NAMAZOVAYA
Sizi – Azərbaycanın tanınmış alimini, görkəmli pediatrını və gözəl pedaqoqunu 80 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.
Uzun illərdən bəri pediatriyanın müxtəlif sahələrində apardığınız araşdırmalar Sizə respublikamızda və onun hüdudlarından kənarda geniş şöhrət qazandırmışdır. Məhz Sizin elmi tədqiqatlarınızın tətbiqi nəticəsində ürək çatışmazlığından əziyyət çəkən neçə-neçə körpənin sağlamlığını bərpa etmək mümkün olmuşdur. Uşaq təbabəti kimi məsuliyyətli və nəcib bir işə yönəlmiş fəaliyyətiniz yüksək qiymətə layiqdir.
Nüfuzlu beynəlxalq forumlardakı çıxışlarınızla Siz Azərbaycan təbabət elmini ləyaqətlə təmsil etmisiniz. Elmi yaradıcılığınızı pedaqoji fəaliyyətiniz daim ahəngdar bir şəkildə tamamlamışdır. Azərbaycanda yüksək ixtisaslı tibb kadrlarının yetişdirilməsində böyük əməyiniz vardır. Azərbaycan Tibb Universitetində müxtəlif vəzifələrdə çalışarkən Siz dərin təfəkkür, zəngin bilik və bacarıq nümayiş etdirərək, ölkəmiz üçün yüzlərlə uşaq həkimi hazırlamısınız. Rəhbərlik etdiyiniz elmi kadrlar məhz Sizin tələbələriniz olduqlarına görə qürur hissi keçirirlər.
Ümidvaram ki, gənc həkimlər nəsli Sizin zəngin elmi təcrübənizdən bundan sonra da faydalanacaq və Azərbaycanda təbabətin inkişafına öz töhfəsini verəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 dekabr 2006-cı il.