Azərbaycan millisinin baş məşqçisi: Komandanın İnkişaf Kubokundakı çıxışından razı qaldım
Bakı, 24 fevral, AZƏRTAC
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi İlham Yadullayev komandanın Belarusun paytaxtı Minskdə təşkil edilən İnkişaf Kubokundakı çıxışını dəyərləndirib.
AZƏRTAC xəbər verir ki, mütəxəssis AFFA-nın rəsmi saytına açıqlamasında ilk olaraq üçüncü yer uğrunda Özbəkistan yığması (1:2) ilə keçirilmiş görüş haqqında danışıb.
Rəqibin tanış komanda olduğunu deyən çalışdırıcı qarşı tərəfin oyununu təhlil etdiklərini bildirib: “Çox sürətli futbolçularının olduğunu bilirdik. Çox aqressivdirlər, topla oynamağı bacarırlar. Buna baxmayaraq, meydana qələbə qazanmaq üçün çıxmışdıq. Təəssüf ki, bunu reallaşdıra bilmədik. Matçın startında rəqib çox aqressiv çıxış etdi, təzyiq göstərdi. Qapımıza qol da vurdular. Birinci hissənin ortalarından etibarən oyun bərabərləşdi. İkinci hissənin əvvəlində bərabərlik qolunu da vurduq. 2-3 əsas oyunçumuzun səhhətində problem yarandığı üçün onlar tam performanslarını göstərə bilmədilər. Buna rəğmən komanda texniki-taktiki cəhətdən düz oynayırdı. Əsas narahatlığımız hücumda qol imkanlarından yararlana bilməməyimiz və müdafiə xəttində bəzi boşluqlar buraxmağımız idi”.
İ.Yadullayev U-17-nin turnirdəki çıxışından razı qaldığını söyləyib: “Komandamız turnirdə pis çıxış etmədi. Maksimum dərəcədə ən yaxşı nəticəni qazanmağa çalışdıq. Üçüncü yeri tutmaq şansımız var idi. Təəssüf ki, bu alınmadı. Futbolçulardan razıyam. Tapşırıqları düzgün yerinə yetirməyə çalışdılar”.
Qeyd edək ki, qrup mərhələsində Rusiyaya (0:3) məğlub olub, İran (1:0) və Qazaxıstana (2:1) qalib gələn U-17 millimiz üçüncü yer uğrunda görüşdə Özbəkistan seçməsinə (1:2) uduzub.