Azərbaycan musiqiçiləri Vyanada tanınmış musiqi məkanında çıxış ediblər
Vyana, 16 iyun, AZƏRTAC
Azərbaycan Mədəniyyət Mərkəzinin 10 illik yubileyi ilə əlaqədar Avstriyada səfərdə olan Azərbaycan musiqiçiləri Vyanada tanınmış musiqi məkanları arasında yer alan “Frau Mayer“ klubunda çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, hər gün müxtəlif səpkili konsertlərin keçirildiyi məkan musiqiçilər arasında cem-seyşnlər (jam-session) ilə sevilir. Axşamlar buraya toplaşan fərqli üsluba malik musiqiçilər birgə səhnəyə çıxır və əvvəlcədən düşünülməmiş proqramları ilə dinləyicilərdə böyük maraq oyadırlar.
Vasif Hüseynli (piano), Lütfiyar Əliyev (saksofon), Elcan Cəbrayılov (bass) və Nicat Bayramovun (zərb alətləri) Azərbaycan milli musiqisi üzərində inprovizasiyaları tamaşaçıların alqışlarına səbəb olub. Müğənnilər Kəmalə Əhmədova və Orxan Cəlilov isə Azərbaycan bəstəkar və xalq mahnılarını özünəməxsus tərzdə ifa ediblər. Avstriyanın tanınmış akkordeon ifaçılarından Niko Zadiç musiqi heyətinə qoşularaq Şərq, Azərbaycan və Balkan melodiyaları üzərində ifalar təqdim edib.
Klubun rəhbərliyi Azərbaycan musiqiçilərinin etno-caz üslubunda ifasını yüksək qiymətləndirib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana