AZƏRBAYCAN NÜMAYƏNDƏSİ BMT KÜRSÜSÜNDƏN SƏSLƏNƏN ERMƏNİ İTTİHAMLARINA CAVAB VERMİŞDİR
Azərbaycan nümayəndəsi bəyan etmişdir ki, ölkəmiz Ermənistanın ali kürsüdən təcavüzkar və münaqişəyə zərər gətirən şəkildə istifadə etməsindən təəssüflənir. Oskanyanın çıxışı hazırkı Ermənistan hökumətinin qonşularına münasibətinin faciəvi nümayişidir. Azərbaycana qarşı ittihamlarla dolu bu ritorikaya cavabdan çəkinmək istəsək də, bildirməliyik ki, Ermənistan tərəfinin olduqca təcavüzkar bəyanatları beynəlxalq birliyin BMT Təhlükəsizlik Şurası, Avropa Şurası, İslam Konfransı Təşkilatı, ATƏT və digər beynəlxalq təşkilatların müvafiq qətnamə və qərarlarında ifadə olunmuş mövqeyi ilə üst-üstə düşmür.
Ermənistan nazirinin Azərbaycan ərazilərində ermənilərə məxsus abidələrin dağıdılması haqqında ittihamlarına gəldikdə, Azərbaycan nümayəndəsi bəyan etmişdir ki, ölkəmiz bununla bağlı Avropa Şurasının faktaraşdırıcı missiyasının bölgəyə gəlməsini təklif etmişdir. Ermənistan hökumətinin isə bu təşəbbüsə hələ də rəsmi cavabı yoxdur.
Xatırladaq ki, Vartan Oskanyan çıxışında demişdir ki, Dağlıq Qarabağın erməni icması guya öz müqəddəratını təyinetmə hüququndan istifadə edərək Azərbaycandan ayrılmışdır. Azərbaycan nümayəndəsi belə bəyanatı Ermənistanın beynəlxalq hüquq prinsipindən sui-istifadə edərək, işğal etdiyi torpaqlarımızda həyata keçirilən etnik təmizləməni gizlətmək cəhdi kimi qiymətləndirmişdir.
Diplomatımız BMT üzv dövlətlərinin diqqətinə çatdırmışdır ki, “Müstəmləkə ölkələrə və xalqlara müstəqilliyin verilməsi haqqında” Baş Məclisin 1960-cı il 14 dekabr tarixli bəyannaməsi, “Dövlətlər arasında əməkdaşlıq və dostluq münasibətlərinə dair beynəlxalq hüquq prinsipləri bəyannaməsi” (1970-ci il), “İnsan Hüquqlarına dair dünya konfransının tədbir proqramı və bəyannaməsi” (1993-cü il) aydın şəkildə göstərir ki, öz müqəddəratını təyinetmə hüququndan suveren və müstəqil dövlətin ərazi bütövlüyü hesabına istifadə oluna bilməz. Bu üç sənədə əsasən, öz müqəddəratını təyin etmək müəyyən ərazidə yaşayan bütün əhalinin hüququdur. Bu hüquqdan onlar yalnız sülh yolu ilə, dövlətin siyasi birliyi, suverenliyi və ərazi bütövlüyünü möhkəmləndirmək şərti ilə istifadə edə bilərlər. BMT-nin üzvü olan dövlət kimi Ermənistan ölkələrarası münasibətləri idarə edən bu qaydalara əməl etmək məsuliyyəti daşıyır. Azərbaycan Dağlıq Qarabağ bölgəsinə öz tərkibində ərazinin həm erməni, həm də azərbaycanlı əhalisinin iştirakı və razılığı ilə demokratik, hüquqi proses vasitəsilə ən yüksək özünüidarə statusu verməyə hazırdır.
Çıxışının sonunda Azərbaycan nümayəndəsi vurğulamışdır ki, nazir Oskanyanın ittihamları işğal edilmiş Azərbaycan torpaqlarında vəziyyətə dair BMT-də məlumatın artırılması zərurətini üzə çıxardı. Baş Məclis bölgədə kimin təcavüzkar, kimin isə təcavüz qurbanı olduğu barədə həqiqəti bilməlidir. Azərbaycan bu məqsədlə əlində olan bütün vasitələrdən və mexanizmlərdən istifadə edəcəkdir.