Azərbaycan paralimpiyaçıları Tokio Paralimpiya Oyunlarına Şika şəhərində hazırlaşacaqlar
Tokio, 25 fevral, AZƏRTAC
Azərbaycan paralimpiyaçıları “Tokio-2020” Yay Olimpiya və Paralimpiya oyunlarına Yaponiyanın İşikava prefekturasının Şika şəhərində təşkil ediləcək “Host town” proqramı çərçivəsində hazırlaşacaqlar. Bununla əlaqədar Anlaşma Memorandumu fevralın 24-də Şika şəhər meriyasında keçirilən görüş zamanı Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) şöbə müdir Rüfət Hacılı və şəhərin meri Koizumi Masaru tərəfindən imzalanıb.
Memorandumun imzlanmasından əvvəl keçirilən görüşdə M.Koizumi bildirib ki, Şika şəhərini Azərbaycan, o cümlədən bu ölkənin idmançıları ilə sıx dostluq əlaqələri birləşdirir. Belə ki, Azərbaycanın milli güləş komandası dəfələrlə bu şəhərə gələrək Yaponiyada keçirilən beynəlxalq yarışlara hazırlaşıb, burada keçirilən təlim-məşq toplantılarına qatılıb. Bu dəfə isə Azərbaycan Milli Paralimpiya Komitəsi ilə azərbaycanlı paralimpiyaçıların “Tokio-2020” Oyunlarına qatılması ərəfəsində Şika şəhərində hazırlıq keçmələri barədə razılıq əldə edilib. Yarışlara yüksək səviyyədə hazırlaşmaları üçün azərbaycanlı idmançılara hər cür şərait yaradılacağını qeyd edən mer şəhər sakinlərinin bu idmançıları salamlamaqdan məmnun olacaqlarını da bildirib.
Azərbaycanlı paralimpiyaçıları Şika şəhərində qəbul etmək üçün razılıq verdiklərinə və təlim-məşq toplanışı üçün hər cür şərait yaratdıqlarına görə şəhər meriyasına AMPK rəhbərliyinin minnətdarlığını çatdıran R.Hacılı bunun hər iki tərəf üçün faydalı olacağına əminliyini bildirib. Azərbaycanda idmanın inkişafına böyük diqqət və qayğı göstərilməsi nəticəsində paralimpiyaçılarımızın müxtəlif yarışlarda böyük nailiyyətlər əldə etdiyini qarşı tərəfin diqqətinə çatdırıb.
Şika şəhərinin nümayəndələri cari il mayın 11-12-də Bakıda keçiriləcək “Ibsa Judo Grand Prix Baku 2020” oyunlarına dəvət edilib. Qeyd olunub ki, 40-dan çox ölkədən 400-dək idmançının qatılacağı həmin beynəlxalq yarış ikinci dəfədir keçirilir və beynəlxalq idman ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanır.
Azərbaycanlı idmançıların çıxışlarının Yaponiyada da böyük maraqla izlənildiyini bildirən M.Koizumi dəvətə görə minnətdarlığını bildirib.
AMPK-nın nümayəndəsi həmin gün azərbaycanlı paralimpiyaçıların Şika şəhərində olacaqları müddətdə yaşayacaqları otel və məşqlərin keçiriləcəyi idman zalı ilə tanış olub. İdmançılarımızın yarışlara hazırlığı ilə bağlı məsələlər ətrafında digər rəsmi şəxslərlə fikir mübadiləsi aparıb.
Qeyd edək ki, Tokiodakı Paralimpiya kəndinin açılışından 8 gün əvvəl - avqustun 10-da yığma komandamız Şika şəhərində cüdo, taekvando, pauerliftinq, kamandan oxatma, üzgüçülük və atletika idman növləri üzrə ümumilikdə 50-dək heyətlə təlim-məşq toplanışında iştirak edəcəklər. Avqustun 18-dən isə komandamız Atletlər kəndində yerləşəcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio