Azərbaycan parlamentində BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasının təsdiqi müzakirə olunub
Bakı, 3 fevral, AZƏRTAC
Fevralın 3-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin videokonfrans formatında iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, komitə sədri Arzu Nağıyev gündəliyə bir məsələnin – “İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi – Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyası”nın təsdiq edilməsi haqqında qanun layihəsinin daxil edildiyini söyləyib.
Bildirilib ki, preambula, 9 fəsil və 68 maddədən ibarət olan Konvensiya informasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən cinayətlərlə mübarizədə dövlətlər arasında əməkdaşlığı gücləndirmək, ağır cinayətlərə dair elektron sübutların toplanması, mübadiləsi və mühafizəsi üçün vahid hüquqi mexanizm formalaşdırmaq məqsədilə hazırlanıb. Bununla belə, Konvensiya kibercinayətkarlıqla mübarizənin yalnız milli səviyyədə deyil, həmçinin beynəlxalq hüquqi yardım, ekstradisiya və operativ qarşılıqlı əlaqə mexanizmləri vasitəsilə həyata keçirilməsini nəzərdə tutur.
Daha sonra iclasda iştirak edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Parlament Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid Konvensiyanın təsdiqinin hüquqi dövlət quruculuğu, insan hüquqlarının müdafiəsi və milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması baxımından xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıblar. Qeyd olunub ki, Konvensiya müasir dövrdə kibercinayətkarlıqla bağlı bütün halları özündə ehtiva edir.
Müzakirələrdə çıxış edən deputatlar təqdim olunan sənədlə bağlı öz fikirlərini, qeyd və təkliflərini səsləndiriblər.
Sonra iclasda iştirak edən Milli Kibertəhlükəsizlik Mərkəzinin nümayəndələri Orxan Abdulkərimli və Elvin Balacanov qaldırılan məsələlərə aydınlıq gətiriblər.
Sonda qanun layihəsi baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.