Azərbaycan polisi sabitliyin, təhlükəsizliyin və hüquqi dövlət prinsiplərinin qorunmasına xidmət edir ŞƏRH
Bakı, 2 iyul, AZƏRTAC
Müstəqilliyimizin ilk illərində ölkədə hökm sürən mürəkkəb ictimai-siyasi durum, qanunsuz silahlı dəstələrin fəallaşdığı, cinayətkar qrupların cəmiyyət üçün ciddi təhdid yaratdığı dönəm artıq tarixdə qalıb. Həmin illərlə bu günümüzü müqayisə etdikdə dövlət quruculuğunun, hüquq-mühafizə sisteminin və özəlliklə polis orqanlarının keçdiyi inkişaf yolu bütün aydınlığı ilə görünür.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova səsləndirib.
O deyib ki, polis orqanlarının maddi-texniki bazası çağdaş tələblərə uyğun şəkildə gücləndirilib, əməkdaşların sosial müdafiəsi önəmli dərəcədə yaxşılaşdırılıb, rəqəmsal texnologiyalar, intellektual idarəetmə sistemləri və peşəkar kadr hazırlığı sahəsində mühüm uğurlar əldə olunub. Nəticədə Azərbaycan polisi çevik və yüksək peşəkarlıq nümayiş etdirən çağdaş hüquq-mühafizə institutuna çevrilib:
“Bu gün ölkəmizdə cinayətkarlıq üzərində təsirli nəzarətin təmin olunması, ictimai asayişin yüksək səviyyədə qorunması və qanunun aliliyinin təmin edilməsi vətəndaşların gündəlik həyatında da aydın hiss olunur. İnsanlar küçədə, evdə, iş yerində özlərini təhlükəsiz hiss edir. Bu təhlükəsizlik mühiti qanunların tətbiqi ilə birgə, polis-vətəndaş münasibətlərində formalaşmış qarşılıqlı güvənin nəticəsi olduğu aydındır.
Azərbaycan polisi beynəlxalq müstəvidə də etibarlı tərəfdaş kimi tanınır. Beynəlxalq terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə, transmilli və transsərhəd cinayətkarlığa qarşı mübarizədə ölkəmizin hüquq-mühafizə orqanları beynəlxalq təşkilatlar və tərəfdaş dövlətlərlə səmərəli əməkdaşlıq həyata keçirir, regional təhlükəsizliyə önəmli töhfələr verir.
Xüsusi vurğulanmalı məqamlardan biri də Azərbaycan polisinin ərazi bütövlüyümüz uğrunda mübarizəsidir. Həm Birinci Qarabağ müharibəsində, həm də 44 günlük Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyəti, digər polis əməkdaşları ön sıralarda döyüşərək böyük şücaət göstərib.
Çağdaş Azərbaycanın təhlükəsizlik modeli hüququn aliliyinə, peşəkarlığa və vətəndaş məmnuniyyətinə söykənir. Bu modelin vacib sütunlarından biri olan Azərbaycan polisi xalqın, dövlətin güvənli dayağı olaraq ölkəmizdə sabitliyin, təhlükəsizliyin və hüquqi dövlət prinsiplərinin qorunmasına bundan sonra da layiqincə xidmət edəcək”.