İDMAN
Azərbaycan Premyer Liqası: “Qarabağ” “Qəbələ”ni qəbul edir

Bakı, 4 dekabr, AZƏRTAC
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, son oyun günündə bir qarşılaşma keçiriləcək. “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Qəbələ” ilə qarşılaşacaq. Görüş saat 19:30-da başlayacaq.
Hazırda Ağdam klubu 29 xalla turnir cədvəlinə başçılıq edir. 11 xalı olan “qırmızı-qaralar” isə 9-cu pillədə qərarlaşıb.
Komandalar indiyədək ölkə çempionatında 59 dəfə üz-üzə gəliblər. Bunların 34-də “köhlən atlar”, 10-da Qəbələnin eyniadlı təmsilçisi qələbə qazanıb. 15 matçda qalib müəyyənləşməyib. Topların nisbətində də son Azərbaycan çempionu üstündür - 95:45.
“Qarabağ” son 7 oyunda qol vurub. “Qəbələ” 21 matçdır qələbə qazana bilmir.
Azərbaycan Premyer Liqası
XV tur
4 dekabr
19:30. “Qarabağ” - “Qəbələ”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Zöhrab Abbasov, Rəşad Əhmədov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Tofiq Bəhramov adına Respublika Stadionu.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Araz-Naxçıvan” “Səbail”lə 1:1, “Turan Tovuz” “Sumqayıt”la 2:2 hesablı heç-heçə edib, “Sabah” “Kəpəz”ə 2:0, “Neftçi” isə “Zirə”yə 1:0 hesabı ilə qalib gəlib.