Azərbaycan Premyer Liqasında XXI turun oyunları üçün hakim təyinatları açıqlanıb
Bakı, 1 aprel, Nicat Məmmədov, AZƏRTAC
Aprelin 1-də futbol üzrə Azərbaycan Premyer Liqasının XXI turun oyunları üçün hakim təyinatları açıqlanıb.
AZƏRTAC Peşəkar Futbol Liqasının (PFL) saytına istinadla xəbər verir ki, iki günü əhatə edəcək tura aprelin 2-də “Azersun Arena”da keçiriləcək “Qarabağ” - “Səbail” oyunu ilə start veriləcək. Rəşad Əhmədovun idarə edəcəyi qarşılaşma saat 16:00-da start götürəcək.
Günün ikinci görüşü saat 18:15-də başlayacaq. “Sumqayıt” - “Sabah” matçının baş hakimi Kamal Umudlu olacaq. Qarşılaşma “Kapital Bank Arena” stadionunda oynanılacaq.
Aprelin 3-də keçiriləcək iki qarşılaşma ilə turun oyunlarına yekun vurulacaq. İkinci günün ilk oyununda Qəbələ şəhər stadionunda “Qəbələ” klubu “Keşlə” komandasını qəbul edəcək. Saat 15:00-da start götürəcək görüşdə baş hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.
Turun son görüşünə “Neftçi” - “Zirə” oyunu ilə yekun vurulacaq. “Bakcell Arena” stadionunda İnqilab Məmmədovun idarə edəcəyi qarşılaşma saat 17:15-də start götürəcək.
Turun görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.
İyirmi turdan sonra turnir cədvəlinə 46 xalla “Qarabağ” klubu başçılıq edir. Otuz yeddi xal toplayan “Neftçi” ikinci, 35 xalı olan “Zirə” üçüncü, iki xal az toplayan “Qəbələ” isə dördüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Sabah” (26), “Keşlə” (19), “Sumqayıt” (14), və “Səbail” (11) klubları qərarlaşıblar.