AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BİBİHEYBƏT MƏSCİD-ZİYARƏTGAH KOMPLEKSİNDƏ OLMUŞDUR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Bibiheybət məscid-ziyarətgah kompleksində olmuşdur.
Prezident İlham Əliyev əvvəlcə məsciddə İmam Rza əleyhis-səlamın bacısı həzrəti Hökumə xanımın və yeddinci imamın üç nəvəsinin dəfn olunduğu yerə gəldi, İslam aləminin mənəvi dəyərlərindən olan bu qəbirləri ziyarət etdi. Onların ruhuna dua oxundu.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə və Bibiheybət məscid-ziyarətgahının axundu hacı Hikmət Əlizadə dövlətimizin başçısına məscidin tarixi, müqəddəs məzarlar üstündə tikilmiş baş ziyarətgah, kişilər və qadınlar üçün nəzərdə tutulan ibadətgahlar barədə məlumat verdilər. Bildirildi ki, ulu öndər Heydər Əliyev bu məscidi dörd dəfə ziyarət etmişdir. Burada 1257-ci ildə Şirvanşah II Fərruxzad tərəfindən ilk minarə ucaldılmışdı. 700 il ərzində burada Azərbaycan memarlığının nümunəsi qorunub saxlanılmışdı. Çox şükür olsun ki, ümummilli liderimiz Heydər Əliyev məscid-ziyarətgaha ikinci həyat verdi. Qədirbilən Azərbaycan xalqı da ulu öndərimizin şərəfinə burada “Heydər minarəsi”ni ucaltdı.
Din xadimləri “Heydər minarəsi”ndən azan verilməsinin vacibliyini də vurğuladılar, eyni zamanda bildirdilər ki, Qafqazda və keçmiş SSRİ məkanında bu cür minarə, mehrab heç yerdə yoxdur. Heydər Əliyevin əvəzsiz xidmətlərini unutmayan ustalarımızın əl işləri burada daim yadigar qalacaqdır.
Prezident İlham Əliyev vaxtilə ulu öndər Heydər Əliyevin göstərişi ilə burada görülən işləri, Azərbaycan ustalarının sənətkarlığını yüksək qiymətləndirdi.
Dövlətimizin başçısı dedi ki, mən buraya nə qədər lazımdırsa, vəsait ayıracağam, biz məscid-ziyarətgahı tezliklə yüksək səviyyədə tamamlamalıyıq. Burada başqa ölkələrdən və respublikamızdan gələn zəvvarları qəbul etmək üçün hər cür şərait yaradılmalıdır. Bundan ötrü nə qədər vəsait lazımdırsa ayrılacaqdır.
Din xadimləri bildirdilər ki, vaxtilə ulu öndərimizə də məlumat verilmişdi, bu məscid İslamın dörd müqəddəs ziyarətgahı sırasında üçüncü yeri tutur.
Üçmərtəbəli kompleksdə zəvvarları qəbul etmək və yerləşdirmək üçün otaqlar, qadınlar üçün ayrıca dəstəmazxanalar, ehsan otağı, mədrəsə və kitabxana nəzərdə tutulmuşdur. Eyni zamanda, məscidin tarixini əks etdirən muzeyin yaradılması, ümumiyyətlə, ən müasir səviyyəli kompleksə çevrilməsi, ərazinin genişləndirilməsi üçün köməyə ehtiyac duyulduğu bildirildi.
Xatırladıldı ki, neçə əsrlik tarixi olan qədim ziyarətgah ümummilli lider Heydər Əliyevin qayğısı sayəsində uzun fasilədən sonra yenidən dindarlara qaytarılmışdır. Bibiheybət məscidi sovet dövründə - 1934-cü ildə vəhşicəsinə partladılsa da, bütün müsəlman aləmində ən müqəddəs yerlərdən biri sayılan bu ziyarətgahın yolunu xalq unutmadı.
Şeyxülislam dedi ki, ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə gələndən sonra məscidin bünövrəsini qoydu. Bu, o deməkdir ki, ulu öndər dinə bağlı idi, xalqın mənəviyyatının qorunmasına diqqətlə yanaşırdı. O vaxt bizə dedi ki, bir ildən sonra açılışa gələcəyəm. Bizdə narahatlıq yarandı ki, buna nail ola biləcəyik, yoxsa yox. Amma nə yaxşı ki, o, bizə vaxt qoydu, tələsdirdi. Vaxtilə Azərbaycanın altı rəhbərinə müraciət edilsə də, heç biri məscidin yenidən tikilməsinə kömək etmədi. Amma Həzrət Əlinin mövludu günündə cənab Heydər Əliyevə müraciət edən kimi, işə başlanması barədə tapşırığını verdi. Burada onunla çəkilmiş şəkillərimiz də var.
Sonra Prezident İlham Əliyev ölkəmizin, xalqımızın firavanlığı naminə nəzir verdi.
Hacı Hikmət Əlizadə dövlətimizin başçısına müraciətlə dedi ki, cənab Prezident, Allah balalarınızı sağ-salamat etsin, Sizdən razı olsun. Xalq Sizdən razıdır. Adi bir vətəndaş kimi deyirəm, Siz bəzi vicdansızlara layiqli cəza verdiniz, xalqın ürəyindən tikan çıxardınız. Qoy görsünlər ki, Həzrət Əlinin oğlu imam Hüseyn olan kimi, cənab Heydər Əliyevin də oğlu İlham Əliyevdir. Biz onu dəstəkləyirik.
Dövlətimizin başçısı, ümummilli lider Heydər Əliyevin müxtəlif illərdə məscidə ziyarətləri zamanı çəkilmiş fotoşəkillərinə və “Azərbaycan Respublikasının Prezidenti Heydər Əlirza oğlu Əliyev cənabları 21 may 1994-cü il Qurban bayramında burada çıxış edərək Bibiheybət ziyarətgahının bərpasına rəvac vermiş və bu işi öz himayəsinə götürmüşdür. Bu tarixi hadisəni əbədiləşdirmək və xalqın minnətdarlığını bildirmək üçün burada “Heydər minarəsi” ucaldılmışdır” sözləri yazılmış lövhəyə baxdı.
Azərbaycan Prezidenti məscid-ziyarətgahla, əvvəlki məscidin fotoşəkilləri, yeni layihələrlə tanış oldu, üçüncü mərtəbədən ətrafı seyr etdi, kompleksin ərazisinin genişləndirilməsi üçün lazımi tədbirlər görülməsi barədə tapşırıqlarını verdi. Dövlətimizin başçısı dedi ki, mən Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova tapşırıram, ciddi məşğul olsun, ətrafda yaşayan sakinlərlə danışsın. Təklif verin, onlara ya torpaq, ya da mənzil ayrılsın.
Bildirildi ki, əvvəlki məscidin minarələrinin hündürlüyü 16 metr idi, indikilər isə 43 metr olacaqdır. Prezident İlham Əliyev ərazinin təmizlənməsindən, yolun genişləndirilməsindən sonra burada ən müasir səviyyədə məscid-ziyarətgah kompleksinin yaradılacağını bildirərək dedi ki, biz bütün işlərə kompleks şəkildə baxmalıyıq. Memarlıq baxımından çox gözəldir, gərək daxili interyeri, dizaynı da ən yüksək səviyyədə olsun. Ona görə ən yaxşı mütəxəssisləri cəlb etmək lazımdır. Lazım gələrsə, xaricdən də dəvət olunsunlar ki, kompleks gözəl və əzəmətli olsun. Bura tarixi yerdir və onu xalqa qaytarmaq bizim mənəvi borcumuzdur.
Şeyxülislam Allahşükür Paşazadə islamın mənəvi dəyərlərinin qorunmasına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlığını bildirərək dedi ki, cənab Prezident, Allah Sizə cansağlığı versin. Bu, bizə Ramazan ayında ən gözəl hədiyyə oldu. Müqəddəs Ramazan ayında Ulu Tanrıdan Sizə uğurlar diləyirik.