AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV NATO-NUN BAŞ KATİBİ İLƏ GÖRÜŞMÜŞDÜR
Səmimilik şəraitində keçən görüş zamanı NATO ilə Azərbaycan arasında mövcud əlaqələr müzakirə olundu, ölkəmizin Avroatlantik strukturlarına inteqrasiyası məsələsinə toxunuldu, habelə NATO-nun bu ilin iyununda İstanbulda keçiriləcək sammitinə hazırlıq işlərinə dair fikir mübadiləsi aparıldı.
Azərbaycan Prezidenti İlham Əliyev NATO ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayaraq dedi ki, ölkəmizin bu təşkilatla tərəfdaşlığı mütərəqqi xarakter daşıyır. O, Avroatlantik strukturlarına inteqrasiyanın ölkəmiz üçün mühüm olduğunu bir daha diqqətə çatdıraraq bildirdi ki, Azərbaycan bu istiqamətdə öz siyasətini bundan sonra da davam etdirəcəkdir.
Yaap de Hoop Sxeffer xüsusi vurğuladı ki, NATO Cənubi Qafqaza daha çox diqqət yetirərək, Azərbaycanı bu təşkilatın vacib tərəfdaşı kimi qiymətləndirir.
Görüşdə Azərbaycanla NATO arasında əməkdaşlığa dair bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı, xüsusilə NATO ilə hərbi əməkdaşlığa dair Azərbaycanda hazırlanan fəaliyyət planı diqqətə çatdırıldı və bildirildi ki, bu plan artıq müzakirə olunmuşdur.
Söhbət zamanı Cənubi Qafqazda vəziyyətə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivlərinə də toxunuldu. Yaap de Hoop Sxeffer vurğuladı ki, Şimali Atlantika Alyansı münaqişənin tezliklə sülh yolu ilə həll olunmasını arzu edir və bu, NATO üçün xüsusi əhəmiyyət daşıyır.