AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV PLOYEŞTİ NEFT VƏ QAZ UNİVERSİTETİNDƏ OLMUŞDUR
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rumıniyaya işgüzar səfərinin ikinci günü, sentyabrın 25-də Ployeşti Neft və Qaz Universitetində olmuşdur.
Xatırladaq ki, 2004-cü ilin oktyabrında Rumıniyaya rəsmi səfəri zamanı Prezident İlham Əliyevə universitetin fəxri doktoru adı verilmişdir.
Universitetin prorektoru Mixay Dimitraşku Azərbaycan Prezidentinə məlumat verdi ki, bu təhsil ocağı Avropa təhsilinin modernləşdirilməsində yaxından iştirak edir. Universitet Rumıniyanın sosial-iqtisadi sahələri üçün mütəxəssislər hazırlayır. Burada ali təhsilin bakalavr və magistr pillələri üzrə tədris prosesi Avropada məşhur olan Kredit Sistemi üzrə həyata keçirilir. Universitetdə yüksək səviyyəli elmi araşdırmalar aparılır. Təhsil ocağında 5 fakültədə 13 min tələbə təhsil alır.
İki beynəlxalq səviyyəli təhsil proqramının tətbiq olunduğu universitetin bu proqramlar üzrə 18 buraxılışı olmuşdur. Təhsil ocağının diplomları Fransa, İsveçrə və digər Avropa ölkələrində tanınır.
Azərbaycan Prezidenti İlham Əliyev dedi: “Mən bu universitet haqqında, əlbəttə ki, ətraflı bilgilərə malikəm. Bilirəm ki, Ployeşti Neft və Qaz Universiteti Avropa qitəsində bu sahədə aparıcı təhsil ocaqlarından biridir. Universitetin böyük tarixi və çox böyük nailiyyətləri var. Burada elmi tədqiqat məsələlərinə böyük diqqət göstərilir, tələbələrin təhsilinə, hərtərəfli yanaşılır. Bizim aramızda da münasibətlər çox yaxşıdır, həm ölkələrarası, həm də ki, müxtəlif səviyyələrdə, o cümlədən təhsil səviyyəsində əlaqələr genişlənir. Çox fəxr edirəm ki, artıq üçüncü ildir ki, mən Ployeşti Neft və Qaz Universitetinin fəxri doktoru adını daşıyıram. Burada müxtəlif sahələrdə fərqlənmiş tələbələr Heydər Əliyev təqaüdünə layiq görülürlər. Mən bu gün Neft Muzeyi ilə də tanış oldum və bir daha gördüm ki, Rumıniyanın nə qədər zəngin neft sənayesi olmuşdur. Keçmişdə də olub və bu gün də vardır. Ölkələrimiz arasında çox böyük oxşarlıq var. 1857-ci ildə Rumıniyada sənaye üsulu ilə ilk neft hasil edilibdir, ondan 10 il qabaq isə Azərbaycanda, Bakıda. İndi isə biz - Rumıniya-Azərbaycan, iki ölkə enerji sahəsində çox uğurlu əməkdaşlıq edirik. Xəzər dənizinin neft-qaz ehtiyatlarının dünya bazarlarına çıxarılması işində bizim əməkdaşlığımıza böyük ehtiyac var və əminəm ki, bu əməkdaşlığımız uğurlu olacaqdır.
Bir daha demək istəyirəm ki, universitet haqqında mən çox eşitmişəm. Amma öz gözümlə görməyim də faydalı olacaqdır”.
Sonra dövlətimizin başçısı universitetin auditoriyalarına baş çəkdi, foyedə nümayiş etdirilən faydalı qazıntı nümunələrinə, Azərbaycan Prezidentinin təşəbbüsü ilə yenidən qurulmuş və ən müasir avadanlıqla təchiz olunmuş informatika laboratoriyasına baxdı.
Universitetin Heydər Əliyev adına təqaüd alan tələbələri Azərbaycan Prezidentinə təşəkkür etdilər.
Prezident İlham Əliyev universitetin Fəxri qonaqlar kitabına ürək sözlərini yazdı, tələbələrlə xatirə şəkli çəkdirdi.