AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV QAHİRƏNİN MƏŞHUR MİSİR MUZEYİNDƏ OLMUŞDUR
Azərbaycan Prezidenti İlham Əliyev mayın 7-də Qahirənin məşhur Misir Muzeyi ilə tanış olmuşdur.
Dövlətimizin başçısı İlham Əliyevi və xanımı Mehriban Əliyevanı burada böyük ehtiramla qarşıladılar.
Misir Muzeyi qədim eksponatlardan ibarət ekspozisiyasının zənginliyinə görə dünyada ən nadir muzey hesab olunur. Burada Misir tarixinin erkən, qədim, orta, yeni, son padşahlıq və Yunan-Roma dövrlərinə aid nümunələr toplanmışdır.
Erkən padşahlıq dövründə Nil vadisində qədim Misir incəsənətinin prinsipləri təşəkkül tapmış və bunlar min illərlə Misir incəsənətinin inkişafının əsasını təşkil etmişdir. Muzeydə ehramların qarşısında qoyulmuş möhtəşəm sfinks heykəlləri, xatirə məbədləri, fironların heykəlləri, təbiət təsvirləri olan eksponatlar da mühüm yer tutur. Fiva yaxınlığında firon Tutanxamonun sərdabasından tapılmış və Misir Muzeyində nümayiş etdirilən eradan əvvəl XIV əsrə aid əşyalar - qızıl maska, tac, qablar, üzəri təsvirli mücrülər qədim Misir incəsənətinin texniki kamilliyi və dekorativ zərifliyi ilə yanaşı, akademik incəsənətin də xüsusiyyətlərini özündə əks etdirir.
Bəşəriyyətin qədim tarixinə aid onlarca eksponat vaxtilə Misir Muzeyindən aparılmışdır və hazırda Böyük Britaniya, Almaniya, Belçika və digər ölkələrin məşhur muzeylərində, rəsm qalereyalarında saxlanılır.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva muzeylə tanışlıqdan zəngin təəssüratla ayrıldılar. Dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim olundu.