AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV YUNANISTANIN İNKİŞAF NAZİRİ XRİSTOS FOLİASI QƏBUL ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yunanıstan Respublikasının inkişaf naziri Xristos Foliası qəbul etmişdir.
Xristos Folias Prezident İlham Əliyevə ölkəsinin Baş naziri Konstantinos Karamanlisin salamlarını çatdırdı. O, Bakı enerji sammitinin əhəmiyyətini, bu sahədə əməkdaşlığın vacibliyini vurğuladı.
Prezident İlham Əliyev nazir Xristos Foliasın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişlənməsinə töhfə verəcəyini, qonağın səmərəli görüşlər keçirəcəyinə ümidvar olduğunu bildirdi.
Bakıda enerji sammitinin əhəmiyyətinə toxunan dövlətimizin başçısı bu tədbirin ölkələr arasında enerji sahəsində əməkdaşlıq baxımından yaxşı nəticələr verəcəyinə əminliyini söylədi.
Prezident İlham Əliyev Yunanıstanın Baş nazirinin salamlarına görə minnətdarlığını bildirdi, özünün də salamlarını ona çatdırmağı xahiş etdi.
######
