AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ALMANİYA BUNDESTAQININ KOMİSSİYA SƏDRİ İLƏ GÖRÜŞÜ
Görüşə görə təşəkkürünü bildirən cənab Rühe Almaniya ilə Azərbaycan arasında əlaqələrin inkişafı baxımından belə görüşlərin əhəmiyyətini vurğuladı.
Prezident İlham Əliyev son illərdə Azərbaycanda aparılan iqtisadi islahatlar, neft strategiyasının uğurlu nəticələri barədə ətraflı məlumat verdi. Dövlətimizin başçısı ölkəmizin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlardan, Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizədə fəal iştirakından da söhbət açdı.
Azərbaycan Prezidenti xatırlatdı ki, ölkələrimiz arasında münasibətlərin yaranması və indiki səviyyəyə çatmasında ümummilli liderimiz Heydər Əliyevin xüsusi xidmətləri olmuşdur və bu siyasət gələcəkdə də davam etdiriləcəkdir.
Prezident İlham Əliyevin regionda liderliyini vurğulayan Volfqanq Rühe respublikamızda aparılan islahatları yüksək qiymətləndirdi, Azərbaycanı bölgənin inkişaf etmiş ölkəsi kimi səciyyələndirdi. O bildirdi ki, nəhəng enerji layihələrinin həyata keçirilməsi təkcə Azərbaycan üçün deyil, dünya ölkələri, o cümlədən Avropa üçün faydalı olacaqdır.
Söhbət zamanı ikitərəfli münasibətlərin perspektivləri, bir sıra regional və beynəlxalq məsələlər barədə də fikir mübadiləsi aparıldı.
X X X İyunun 26-da Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın ən nüfuzlu nəşrlərindən olan “Uoll-strit cornel” qəzetinin müxbiri Vladimir Sokora ətraflı müsahibə verdi.