AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI
-Hörmətli Vladimir Vladimiroviç!
Hörmətli qonaqlar!
Əziz dostlar!
Hörmətli Vladimir Vladimiroviç, Sizin Azərbaycana səfəriniz başa çatır. Bu vaxt ərzində biz ikitərəfli, regional əməkdaşlığa dair çox geniş məsələləri müzakirə edə bildik. Rusiya ilə Azərbaycan arasında münasibətlərin bugünkü inkişafını səciyyələndirən bir çox məsələlər haqqında, habelə regionun və dünya siyasətinin məsələləri barədə baxışlarımız uyğun gəlir.
Dünən Azərbaycanda Rusiya İli uğurla açıldı. Əminik ki, bu il ərzində ölkələrimiz və xalqlarımız daha da yaxın olacaq, siyasi müstəvidə də fəal əməkdaşlıq edəcəyik, ticarətin dövriyyəsini artıracaq və humanitar sahənin inkişafında bundan sonra da əməkdaşlıq edəcəyik. Başqa sözlə, biz əməkdaşlığımızın bütün istiqamətlərində son 5-6 ildə formalaşmış müsbət meyillərin davam etdiriləcəyinə və möhkəmləndiriləcəyinə ümid bəsləyirik.
Hesab edirəm ki, bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlər qonşular arasında münasibətlərə nümunə ola bilər. Həqiqətən, münasibətlərimiz mehriban qonşuluq, səmimi, dostluq münasibətləridir. Bu, iqtisadiyyatlarımızı fəal inkişaf etdirməyə, bütün istiqamətlərdə fəal əməkdaşlıq etməyə imkan verir, habelə iri sərmayə layihələrindən ötrü, ölkələrimiz arasında iqtisadi münasibətlər üçün çox yaxşı zəmin yaradır.
Bu gün çox böyük sayda rusiyalı sahibkarların iştirakı ilə Azərbaycan-Rusiya biznes forumu işinə başladı. Ümidvaram ki, bu forumun nəticələri çox tezliklə özünü konkret layihələrdə, konkret qərarlarda göstərəcəkdir. Beləliklə, əmtəə dövriyyəsinin iki ildə nail olduğumuz ikiqat artımı ölkələrimiz arasında uzunmüddətli fəal iqtisadi əməkdaşlığın inkişafının, yəqin ki, yalnız bir mərhələsi olacaqdır.
Bunun üçün potensial var, ölkələrimizin iqtisadiyyatları dinamik inkişaf edir. Rusiya Azərbaycanın əmtəə dövriyyəsində birinci yeri tutur. Ancaq biz əməkdaşlığın daha da genişlənməsinə ümid bəsləyirik. Əlbəttə ki, Rusiya Prezidenti ilə görüşlərimiz və danışıqlarımız çərçivəsində regional məsələlər, regional təhlükəsizlik, Qafqazda və regionda sabitlik məsələləri geniş səpkidə müzakirə olundu.
Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsini və bu münaqişənin həllinin mümkün yollarını çox ətraflı müzakirə etdik. Bu münaqişənin beynəlxalq hüquq prinsipləri və normalarına müvafiq surətdə ədalətlə nizama salınması işində qonşumuz kimi, böyük dövlət kimi, ATƏT-in Minsk qrupunda həmsədr ölkə kimi Rusiyanın fəal roluna bundan sonra da ümid bəsləyirik.
Ümidvarıq ki, gələcəkdə ölkələrimiz arasında əməkdaşlığın bütün istiqamətlərində daha böyük tərəqqiyə, səylərimizin daha çox fəallaşmasına nail olacağıq. Bunun üçün hər cür zəmin - rəhbərlərin siyasi iradəsi, hökumət üzvlərinin fəallığı var. Hökumətlərarası komissiyamız çox səmərəli işləyir. Bunu lazımınca qiymətləndirmək lazımdır. İki ildə əmtəə dövriyyəsini iki dəfə artırmağa nail olmağımızda məhz bu, çox böyük rol oynamışdır.
Ümidvarıq ki, bu il ərzində Azərbaycana Rusiyadan çoxlu qonaq gələcəkdir. Biz qonaqların, xüsusən də Rusiyadan, bizim üçün dost ölkədən qonaqların gəlməsinə çox şadıq. Yəqin ki, olduqca çox yaradıcılıq kollektivləri gələcək, köhnə, səmimi dostların görüşləri çox olacaqdır. Əlbəttə ki, bütün bunlar bizi daha da yaxınlaşdıracaqdır. Biz buna çox ümid bəsləyirik. Fürsətdən istifadə edərək, ölkəmizə səfərinə görə, Azərbaycanda Rusiya İlini açmağa gəldiyinə görə Rusiya Prezidentinə bir daha təşəkkür etmək, qonaqlarımız olan Rusiya respublikaları və vilayətlərinin bütün rəhbərlərinə təşəkkür etmək istəyirəm.
Xoş gəlmisiniz!
Diqqətinizə görə təşəkkür edirəm.