AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN FRANSAYA RƏSMİ SƏFƏRİ
Prezident İlham Əliyevi və onun xanımı Mehriban Əliyevanı Fransa
Senatının sədri Kristian Ponsöle böyük hörmət və ehtiramla, səmimiyyətlə qarşıladı.
Azərbaycan Prezidenti və Fransa senatının sədri fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Sonra Fransa senatının sədri Kristian Ponsöle tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə rəsmi nahar verildi.
Parlamentin üzvləri Azərbaycan rəhbərinə, Prezident İlham Əliyevi müşayiət edən nümayəndə heyəti isə Fransa Senatının sədrinə təqdim olundu.
Cənab KRİSTİAN PONSÖLE dövlətimizin başçısına müraciətlə dedi ki, Azərbaycanın yeni seçilmiş Prezidentini burada salamlamaq bizim üçün çox xoşdur. Çox şadıq və qürur hissi duyuruq ki, Prezident İlham Əliyev ilk rəsmi səfərini məhz Fransaya etmişdir. Rəsmi Paris və Fransa Senatı bunu yüksək qiymətləndirir. Bu, Azərbaycanın Fransaya nə qədər böyük diqqətlə yanaşdığını və Prezident İlham Əliyevin ölkələrimiz arasında mövcud olan münasibətlərin daha da möhkəmləndirilməsinə diqqətini göstərir. Eyni zamanda, əməkdaşlığın genişləndirilməsi üçün Fransa tərəfinin məsuliyyətini artırır. Prezident İlham Əliyevin şəxsiyyətinə Fransada böyük hörmət bəslənilir. İnanıram ki, Azərbaycan-Fransa əməkdaşlığının yeni mərhələyə qədəm qoymasında bu səfərin müstəsna rolu olacaqdır.
Azərbaycan Prezidenti İlham Əliyev rəsmi naharda nitq söylədi.
Dövlətimizin başçısı bildirdi ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-Fransa əlaqələri bu gün də sürətlə inkişaf edir və Azərbaycan rəhbərliyi gələcəkdə əlaqələrimizin daha da genişlənməsi üçün səylər göstərəcəkdir. Bu əlaqələr hər iki ölkənin mənafeyinə uyğundur. İnanıram ki, istər siyasi, istərsə də iqtisadi sahədə Azərbaycan-Fransa əməkdaşlığı perspektivli olacaqdır.
Rəsmi nahardan sonra Prezident İlham Əliyev Senatın xatirə kitabını imzaladı.
Azərbaycan Prezidentinə Fransa Senatı adından xatirə hədiyyəsi təqdim edildi.